NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ
Dekabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra Aparatının kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxış edərək dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələlərindən, rayonda aparılan abadlıq, səliqə-sahman və quruculuq işlərindən danışdılar, qarşıdakı həftə ərzində görüləcək işlər barədə ətraflı məlumat verdilər. Sonra İcra başçısının müavini-sosial-iqtisadi məsələlər şöbəsinin müdiri İlkin Rəhimov çıxış edib Yeni il bayramı münasibətilə keçiriləcək kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkasının təşkilatı məsələləri barədə məlumat verdi. Məlumatda satış-yarmarkada bütün ərazi İcra nümayəndələrinin, yerli bələdiyyələrin və sahibkarların iştirak edəcəyi, iştirakçıların hər biri üçün şəraitin yaradılacağı və qiymətlərin bazarla müqayisədə 25-30 faiz ucuz olacağını qeyd etmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bələdiyyə seçkilərinin qanunamüvafiq, şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün zəruri tədbirlərin görülməsi, şəhərdə, rayonun qəsəbə və kəndlərində təmizlik, səliqə-sahman işlərinə diqqətin artırılması, yeni əkilmiş ağaclara qulluq edilməsi və görüləcək digər işlərin icrası ilə bağlı konkret tapşırıqlarını verdi.