İCRA BAŞÇISININ GÜNƏHİR KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 19-da rayonumuzun ən ucqar dağ kəndlərindən olan Günəhir kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının və ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Günəhir inzibati ərazi dairəsinin nümayəndəsi Rüstəm Cəfərov və Günəhir bələdiyyəsinin sədri Elşad Rəhimov çıxış edərək əraziyə daxil olan əhalinin əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğunu söylədilər, ərazidə aparılan abadlıq işləri barədə məlumat verdilər, bir sıra mövcud problemləri İcra başçısının diqqətinə çatdırdılar.
Sonra ayrı-ayrı kənd sakinləri çıxış edərək bir sıra təkliflər irəli sürdülər, arzu və rəylərini bildirdilər.
Müəllim Həsən Seyfullayev respublikamızın paytaxtında, eləcə də bütün bölgələrdə, o cümlədən Lənkəranda aparılan yenidənqurma tikinti və abadlıq işlərinə görə həmçinin cənab Prezidentin məlum sərəncamına əsasən Vilvan-Osakücə-Türkəncil yolunun asfaltlaşdırılması haqqında dövlət başçısının sərəncamına görə əhali adından minnətdarlıq etdi, ürək sözlərini söylədi.
Müəllim Tofiq Fərəcov cənab Prezidentin 8 iyun 2012-ci il tarixli sərəncamından sonra ərazinin asfaltlaşdırılması münasibətilə ərazidə yaşayan bütün sakinlərin hədsiz sevinc hissi keçirdiklərini dilə gətirdi, ölkə başçısına və Taleh Qaraşova minnətdarlığını bildirdi.
Fəxrəddin Kişiyev çıxışında bildirdi ki, cənab Prezidentin məlum sərəncamını eşidəndə ərazidə yaşayan bütün sakinlər sanki toy-bayram etdilər. Günəhirə çəkilən asfalt bizə sanki yuxu kimi gəlir.
F.Kişiyev sonda kənddə feldşer-mama məntəqəsinin və elektrik dirəklərinin köhnə olduğunu diqqətə çatdırdı.
Mirzəhüseyn Miriyev çıxışında Vilvan-Osakücə-Türkəncil yolunun asfaltlaşdırılması ilə bağlı sevinc duyğularını ifadə etdi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının qarantı olduğunu fərəhlə dilə gətirdi, gələn il keçiriləcək Prezident seçkilərində hamılıqla dövlət başçısına, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamına səs verəcəklərini xüsusi vurğuladı.
Şükür Qurbanov Azərbaycanda 1969-cu ildən başlanan dirçəlişdən, Ulu Öndər Heydər Əliyevin xalqı ağ günə, Azərbaycanı dünya dövlətləri sırasına çıxarmasından danışdı. Dağ kəndlərinin yollarının asfaltlaşdırılmasına görə ölkə başçısı İlham Əliyevə bütün əhali adından minnətdarlıq etdi.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bu gözəl diyarda əhalinin xoş əhval-ruhiyyədə olduğuna görə fərəh hissi keçirdiyini bildirdi.
İcra başçısı sonra cənab Prezidentin uğurlu daxili və xarici siyasətindən danışdı, yol infrastrukturunun yenilənməsinin prioritet sahələrdən biri olduğunu söylədi, Vilvan-Osakücə-Türkəncil yolunun asfaltlaşdırılması haqqında cənab Prezidentin imzaladığı sərəncamın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. İcra başçısı növbəti ildə ərazinin tamamilə asfaltlaşdırılacağını əminliklə vurğuladı.
Taleh Qaraşov daha sonra rayonumuzda sürətlə aparılan yenidənqurma işlərindən danışdı, qarşıda duran vəzifələrdən söz açdı, bu günkü görüşdə əhali tərəfindən qaldırılan təkliflərin həlli üçün müvafiq tapşırıqlarını verdi.