DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL EDİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
Noyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarının 40-ə yaxın vətəndaşını qəbul edib.
Vətəndaşların müraciətləri əsasən dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təmiri, təchizat və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması və onlarıln dövlət qeydiyyatına alınması, dini mağazanın fəaliyyətinə icazə verilməsi və digər məsələlərlə bağlı olub.
Komitə sədri M.Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.