Böyük Vətən müharibəsi iştirakçılarının XII konfransı keçirildi
Lənkəran şəhərindəki Veteranlar Klubunda Böyük Vətən müharibəsi iştirakçılarının XII konfransı keçirildi. Konfransa Lənkəran Şəhər Ağsaqqallar Şurasının üzvləri, arxa cəbhə və Qarabağ müharibəsinin veteranları, ziyalılar dəvət olunmuşdu.
Böyük Vətən müharibəsi Veteranları Şurasının sədri Musarza Əzimovun hesabat məruzəsi dinlənildi.
Məruzə ətrafında müharibə iştirakçısı, üç şöhrət ordenli, Prezident təqaüdçüsü Vilvan kənd sakini Ağadadaş Əzimov, rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Prezident təqaüdçüsü, professor Mirhaşım Talışlı, rayon Ağsaqqallar Şurasının sədr müavini, əmək veteranı Sərhad Məmmədov, arxa cəbhə iştirakçısı Məmmədhüseyn Axundov, Əlillərin Bərpa Mərkəzinin tibb bacısı Bəşirova Tamara Pavlovna çıxış etdilər. Sonra müharibə veteranlarının on ikinci konfransında şuranın təftiş komissiyasının sədri, müharibə iştirakçısı Hacı Manafın hesabatı dinlənildi.
Müharibə Veteranları Şurasının on ikinci konfransında veteranların beşinci qurultayına nümayəndələr seçildi. Şuranın sədri Musarza Əzimovun, üç şöhrət ordenli veteran Ağadadaş Səmədovun, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədovun qurultaya namizədliyi qeydə alındı.
Ağsaqqallar Şurasının on ikinci konfransında Lənkəran Şəhər İcra Aparatanın məsul işçisi Səbuhi Canıyev iştirak edirdi.