IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Lənkəranda olub
Oktyabrın 4-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Lənkəran rayonuna tanışlıq səfərinə gəlmişdir. 25 ölkəni təmsil edən otuz dörd nəfərlik nümayəndə heyətini Lənkəran Beynəlxalq Hava Limanında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, mətbuat işçiləri və ictimaiyyət nümayəndəri qarşılayıblar.
Təntənəli qarşılanmada qonaqlara gül-çiçək dəstələri təqdim olunmuşdur. Qafqaz sahil otelində yerləşdikdən sonra qonaqlar şəhər gəzintisinə çıxıblar. Onlar əvvəlcə Lənkəran şəhərində Heydər Əliyev xatirə parkını gəzmiş, Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Sonra qonaqlar yaraşıqlı Gənclər Mərkəzinə gələrək Mərkəzin işi ilə maraqlanmış, milli şirniyyatlardan və samovarda hazırlanmış Lənkəranın buket çayından ibarət çay süfrəsi arxasında əyləşiblər. Sonra qonaqlar Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış park-abidə kompleksinə, iki dəfə Sovet İttifaqı qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun abidəsinə, qəhrəmanın adını daşıyan parka baxmış, ev-müzeyində eksponatlarla tanış olublar.Forum iştirakçıları şəhərə xüsusi yaraşıq verən əzəmətli Bayraq Meydanında olublar.
Sonra qonaqlar rayonunun “İstisu” qəsəbəsində “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyalarında fermer Araz Yaqubovla görüşmüş, çayın becərilməsi və istehsalı prosesi ilə tanış olan qonaqların hər birinə fermer tərəfindən yüksək keyfiyyətli buket çayı hədiyyə olunmuşdur. Daha sonra Hirkan Milli Parkına ekskursiya edən forumun iştirakçılarına cənub bölgəsinin flora və faunası barədə ətraflı məlumat verilib. Hirkan qəsəbəsində onlar sitrus və subtropik meyvə bağlarına baş çəkərək, görülən işlərlə tanış olublar. Plantasiyadakı ağaclardan dərib daddıqlatrı meyvələr onların böyük marağına səbəb olmuşdur.
Axşam “Palmalife” otelinin restoranında İcra İcra hakimiyyəti tərəfindən qonaqlar üçün şam yeməyi və şənlik məclisi təşkil olunmuşdur. Tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq bir daha qonaqları salamlamış, onların iştirakçısı olduğu IV Bakı Beynəlxalq Forumunun ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə olduğunu, forumun ənənəvi olaraq Bakıda keçirilməsinin ölkəmizdə tolerantlığın, multikulturalizmin, siyasi sabitliyin, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın həyat normasına çevrilməsinə parlaq nümunə olduğunu, bu böyük uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilməsinin təntənəsi olduğunu, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan artmasının və dünya birliyində özünü etibarlı partnyor kimi sübut etməsinin nəticəsi olduğunu qeyd etmişdir. Çıxış edən qonaqlar təntənəli qarşılanmaya və səmimi ünsiyyətə görə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qonaqlara dadlı milli xörəklərlə yanaşı, milli mətbəxin ən gözəl nümunəsi olan ləvənginin hazırlanma qaydası əyani şəkildə göstərilmişdir. Məşhur toyuq ləvəngisinin bişirilmə prosesi və meyvə və bitkilərdən xüsusu resptlə hazırlanmış sok forum iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Şənlikdə “Nənələr” folklor ansamblının və bədii özfəaliyyət kollektivlərinin çıxışları qonaqlarda xoş ovqat yaratmışdır. Şənlik gecəyədək davam etmişdir. Oktyabrın 5-də qonaqlar Lerik rayonuna gediblər. Həmin gün axşam qonaqlar Lənkəran Beynəlxalq Hava limanından Bakı şəhərinə yola salınmışlar. Yolasalma mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin rəsmiləri iştirak edblər.