BOLADİ KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul –görüşünü sentyabrın 12-də Boladi kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
İnzibati-ərazi dairəsinin nümayəndəsi İlqar Mehdiyev Boladi kəndi haqqında, sosial-iqtisadi sahədə görülmüş işlər barədə danışaraq qeyd etdi ki, kəndin əhalisi 12 min nəfərdir. Kənd şəhər mərkəzindən 21 km aralıda yerləşir. İki il bundan əvvəl kəndə qaz xətti çəkilmişdir.
Əhalini narahat edən problemlərdən danışan icra nümayəndəsi vurğuladı ki, Liman şəhəri ilə Boladi kəndi arasındakı 2 km-lik elektrik xəttində nasazlıqlar mövcuddur. Ərazidə torpaq şoran olduğundan əhali içməli su problemi ilə üz-üzədir. 3,5 km-lik Boladi-Zövlə yolunun təmir edilməsi ən vacib məsələlərdəndir.
Boladi bələdiyyəsinin sədri Salman Dadaşov çıxışında bildirdi ki, kənddə izafi suların axıdılması üçün suötürücü kanallar qazılmış və təmizlənmişdir. Daxili imkanlar hesabına kəndara yolları qismən təmir edilmişdir. Hər iki məktəbdə bələdiyyənin təşkilatçılığı ilə mütəmadi idman yarışları keçirilir. Bələdiyyənin üzvləri kənddə aparılan abadlıq, səliqə-səhman işlərində yaxından iştirak edirlər.
Sonra ayrı-ayrı çıxışlarda bir sıra təkliflər irəli sürüldü.
Müəllim Ramazan Quliyev Boladi kəndinin əhalisinin Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyindən söz açdı, möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini söylədi, ərazidə su bəndinin və elektrik dirəklərinin təmirinə ehtiyacın olduğunu diqqətə çatdırdı.
Pensiyaçı İlyas Rzayev İcra başçısı Taleh Qaraşovun rəhbərliyi altında Lənkəranda aparılan yenidənqurma işlərindən danışdı, dövlətimizin başçısı İlham Əliyevin rayonumuza tarixi səfərinin bütün lənkəranlılarda oyatdığı xoş təəssüratdan söz açdı, yolların asfaltlaşdırılması və yeni bankomata ehtiyacın olduğu təklifini verdi.
Xatun Abdullayeva 1937-ci ildə inşa edilmiş və uşaq bağçasının yerləşdiyi binanın köhnə olduğunu söylədi.
Müəllim Ağabala Axundov Lənkəran-Boladi marşrutu ilə işləyən xətdə böyük tutumlu avtobusların işləməsinin vacibliyini vurğuladı.
Poçt şöbəsinin müdiri Ramazan Mehdizadə gənclərin rayonumuzun, o cümlədən kəndin ictimai-siyasi həyatında oynadığı mühüm rolu qeyd etdi, mədəniyyət evinin köhnə binada yerləşdiyini diqqətə çatdırdı.
Təqaüddə olan müəllim Musa Babayev çıxışında qeyd etdi ki, doğma Azərbaycanımız bu gün cənnətə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin arzuları reallaşır. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün bölgələrimiz, o cümlədən doğma Lənkəranımız gündən-günə çiçəklənir. Yenicə inşa edilmiş əzəmətli Bayraq Meydanı bizim qibləgahımıza çevrilmişdir.
M.Babayev daha sonra dövlət başçımızın sərəncamına əsasən Azərbaycan dilinin daha da təkmilləşdirilməsinə dair məsələlərdən danışdı, arzu və təkliflərini söylədi.
Daha sonra çıxış edən ayrı-ayrı sakinlər kənddə gənc idmançıların məşq etməsi üçün mini-idman kompleksinin tikintisinin vacibliyini vurğuladılar, yeni yaşayış məhəlləsində yolun təmir edilməsinin önəmli olduğunu qeyd etdilər, körpünün təmir edilməsi, 2 nömrəli tam orta məktəbi üçün yeni binanın tikilməsi təklifini irəli sürdülər.
Elektrik şəbəkəsinin rəisi Məqatil Yunusov, Qaz İstismar Sahəsinin baş mühəndisi Azad Babayev və Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev kəndin ərazisində görülən işlər və həlli vacib məsələlər haqqında məlumat verdilər.
İcra başçısı Taleh Qaraşov bütün çıxışları diqqətlə dinlədikdən sonra bu gün qaldırılan təkliflərin dərhal nəzarətə götürüləcəyini və onların həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini, həlli zaman tələb edən məsələlərin yuxarı dövlət strukturları qarşısında operativ qaldırılacağını əminliklə vurğuladı.
Daha sonra İcra başçısı cənab İlham Əliyevin Lənkəran şəhərinin, eləcə də rayonumuzun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün son aylarda mühüm sərəncamlar imzaladığını, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçımızın daxili və xarici siyasətinin lənkəranlılar, o cümlədən Boladi kəndinin əhalisi tərəfindən hamılıqla dəstəkləndiyini qeyd etdi.
T.Qaraşov əlavə etdi ki, yeni məktəblərin, uşaq bağçalarının, səhiyyə və mədəniyyət müəssisələrinin geniş vüsət alan tikintisi, yol infrastrukturunun yenilənməsi – bütün bunlar cənab Prezidentin siyasətinin əsasına – yəni insan faktoruna xidmət edir.
İcra başçısı daha sonra regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu nəticələrindən danışdı, xalqımızın maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd etdi, rayonumuzda yenidənqurma işlərinin daha da sürətləndirilməsi üçün hamını fəal olmağa çağırdı.