Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA BİLİK GÜNÜNÜN TƏNTƏNƏSİ

15 sentyabr 2014 | 15:00

Bu il Lənkəranda 11 məktəb üçün yeni binalar tikilmiş, 1100 şagird yerlik şəhər 2 nömrəli tam orta məktəbinin  binası əsaslı təmir olunmuşdur.Sentyabrın 15-də - Bilik günündə həmin təhsil ocaqlarında əsl bayram təntənəsi  yaşandı, məktəblərdə açılış mərasimləri keçirildi.
Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində keçirilən açılış mərasimini məktəbin direktoru Aslan İbrahimov açdıqdan sonra yeni tədris ilini yeni tikilmiş məktəbdə qarşılayan bütün pedaqoji və şagird kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ŞİH-nin başçısı Taleh Qaraşova dərin minnətdarlığını bildirdi.
Darquba kənd ağsaqqalı Əbülfəz Ağayev, məktəbin 11-ci sinif şagirdi Günəş Şirvanlı çıxış edərək ürək sözlərini söylədilər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məktəbin kollektivini təbrik edərək Azərbaycanda məktəblərimizin yenilənməsindən, onların maddi-texniki bazasının müasirləşməsindən, Lənkəranda da məktəb tikintisinin geniş vüsət almasından söz açdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar gün – Bilik bayramı münasibətilə bütün təhsil işçilərini və şagirdləri təbrik etdi. Ölkəmizdə təhsil islahatlarının əsasının Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran İcra başçısı bildirdi ki, o ölkə inkişaf edir ki, orada elmə, təhsilə mühüm önəm verilir. Biz hamılıqla çalışmalıyıq ki, qloballaşan dünyada təhsilimizi inkişaf etmiş ölkələrin təhsil səviyyəsinə qaldıraq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikilməsi də məhz buna xidmət edir. Buna cavab olaraq pedaqoji kollektivlər tədrisin keyfiyyətini yaxşılaşdırmalı, savadlı kadrlar yetişdirməli, gəncləri milli ruhda tərbiyə etməli, onları Ulu Öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məhkurəsinə sadiq gənclər kimi yetişdirməlidir.
Sonra qırmızı lent kəsildi, məktəblə tanışlıq oldu.

***


T.Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində keçirilən açılış mərasimini məktəbin direktoru Siyasət Rəhimov açdı. Məktəbin müəllimi Şəhla Cabbarova, 10-cu sinfin əlaçı şagirdi Zemfira Təhməzova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və “Gilan - İnşaat” MMC-nin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Milli Məclisin deputatları Hadi Rəcəbli və Rüfət Quliyev məktəbin kollektivini yeni dərs ilinin başlanması və məktəbin əsaslı surətdə yenidən qurulması münasibətilə təbriklərini söylədilər, yeni tədris ilində məktəbin müəllim-şagird kollektivinə uğurlar arzuladılar.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, ilk növbədə, bu gün məktəbə ilk dəfə qədəm qoyan 1-ci sinif şagirdlərini təbrik edərək bildirdi ki, bu gün onların həyatında həm də ona görə əlamətdardır ki, birincilər ilk addımlarını Avropa standartları səviyyəsində yenidən qurulan məktəbdə atırlar. Bu gün rayonumuzda 11 məktəbin açılışının həyata keçirildiyini söyləyən Taleh Qaraşov xüsusi vurğuladı ki, bu, ilk növbədə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana və Lənkəran təhsilinə göstərdiyi diqqət və qayğının təzahürüdür.
Son 11 ildə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən inkişafdan danışan İcra başçısı respublikamızda məktəb tikintilərinin geniş vüsət almasından, tədrisin keyfiyyətinin yüksəlməsindən danışdı. Əsaslı şəkildə yenidən qurulan bu qədim tarixə malik tədris müəssisəsində şagirdlərin dərsə davamiyyətinə, müəllim-valideyn münasibətlərinə mühüm önəm verilməsini diqqətə çatdıran Taleh Qaraşov yeni tədris ilində pedaqoji kollektivə uğurlar arzuladı, onlara ən səmimi və xoş arzularını çatdırdı.
Sonda qırmızı lent kəsildi, məktəblə tanışlıq oldu.

***


Sentyabrın 15-də – Bilik günündə Lənkəran rayonunda yeni tikilən Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Separadi, Tükəvilə tam orta məktəblərinin, Daşdalığjar, Tütəpeştə, Qurunba və Şağlaser kənd ümumi orta məktəblərinin də açılış mərasimləri keçirildi. Həmin tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyətinin və şəhər Təhsil şöbəsinin rəsmiləri iştirak etdilər.

Keçidlər