Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Türkiyə Respublikasının fəxri konsulluğu fəaliyyətə başlamışdır

10 sentyabr 2012 | 15:00

Sentyabrın 8-də Lənkəran şəhərində Türkiyə Respublikasının fəxri konsulluğunun açlışı olmuşdur.
Fəxri konsulluq cənub bölgəsinin 7 rayonunun əhalisinə hüquqi və konsulluq xidməti göstərəcəkdir.
Bu münasibətlə keçirilən mərasimdə Türkiyə Böyük Millət Məclisinin üzvləri Ahmet Arslan və Adnan Yılmaz, Türkiyə Respublikasının ölkəmizdəki fövqalədə və səlahiyyətli səfiri Hülusi Kılıc, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Sənaye və Energetika Naziri Natiq Əliyev, polis general-mayoru Həzi Aslanov, Milli Məclisin deputatı Cavanşir Paşazadə, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov iştirak etmişlər.
Azərbaycanın və Türkiyə Respublikasının dövlət himnləri səslənmişdir.
Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran torpağında salamlayaraq bildirmişdir ki, bu gün Azərbaycanın, o cümlədən cənub bölgəsinin tarixində əlamətdar bir gündür, Lənkəran şəhərində Türkiyə Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayır.
Ötən ilin oktyabr ayında Türkiyə Respublikasının Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Hülusi Kılıcın cənub bölgəsinə səfəri zamanı Lənkəranda Türkiyənin fəxri konsulluğu açılması ideyasının bu gün reallığa çevrildiyini vurğulayan T.Qaraşov Azərbaycan-Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu, qardaşlıq və dostluq prinsiplərinə əsaslanan bu əlaqələrin strateji xarakter aldığını diqqətə çatdırmışdır.
Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Arslan çıxışında ümummilli lider Heydər Əliyevin söylədiyi “Biz bir millət, iki dövlətik” sözlərini xatırladaraq bunun Türkiyə Böyük Millət Məclisində bir daha şahidi olduğunu, bütün millət vəkillərinin Türkiyə-Azərbaycan Parlamentarası dostluq qrupunun üzvü olmaq arzusunda olduqlarını bildirmişdir.
Türkiyə Böyük Millət Məclisinin üzvü Adnan Yılmaz bildirmişdir ki, Türk dünyasında ilk demokratik Respublika olan Azərbaycanın müstəqilliyini ilk tanıyan məhz Türkiyə olmuşdur.
Mustafa Kamal Ata Türkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri yada salan türkiyəli millət vəkili, Azərbaycanın 20 illik qısa zamanda dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırmışdır. O, Azərbaycan və Türkiyə dostluğuna həsr etdiyi şerini oxumuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə çıxışında qeyd etmişdir ki, Lənkəranda, mənim üçün doğma və müqəddəs olan torpaqda Türkiyə Respublikasının fəxri konsulluğunun açılması çox sevindiricidir. Bu, iki ölkə arasında dostluğun və qardaşlığın rəmzidir.
Mərasimdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Hülusi Kılıc bildirmişdir ki, bu gün Lənkəranın tarixində çox əlamətdar bir gündür.
“Tükiyə üçün Azərbaycan bir candır. Azərbaycanın ayağına dəyən daş Türkiyənin başına dəymiş kimidir” deyən türkiyəli diplomat, Azərbaycanda ermənilər tərəfindən 1918-ci ilin 31 Martında törədilən söyqırımdan söhbət açmış, ermənilərə qarşı savaşda 8 minlik osmanlı ordusunun iştirak etdiyini, Azərbaycanın müxtəlif bögələrində türk şəhidlərinin məzarlarının, birinci dünya müharibəsində Çanaqqala savaşında azərbaycanlı qardaşların şəhid olduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğlına etiraz əlaməti olaraq 1992-ci ildə Ermənistanla Türkiyə arasında olan bütün sərhədlər bağlanmışdır. Azərbaycanın zəbt olunmuş torpaqları işğaldan azad olunmayana qədər Türkiyənin Ermənistanla sərhədləri bağlı qalacaqdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Türkiyə Respublikasının Azərbycandakı fövqalədə və səlahiyyəti səfiri Hülusu Kılıc Lənkəran şəhərində Türkiyə Respublikasının fəxri konsulluğunun açılışını bildirən qırmızı lenti kəsmişlər.
Qonaqlar fəxri konsulluğun yerləşdiyi binada işçilər üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.
 

Keçidlər