LƏNKƏRANDA TİBB İŞÇİLƏRİ GÜNÜ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNDU
İyunun 17-də Lənkəranda tibb işçiləri günü təntənəli şəkildə qeyd olundu.
Tədbirdən əvvəl səhiyyə işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Əzəmətli “Şah Sarayı”nda keçirilən tədbiri giriş sözü ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev açaraq bayram təbriklərini söylədi, Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışdı, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açdı.
A.Kəlbiyev həmçinin 2013-cü il sentyabrın 5-də Lənkərana tarixi səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etdiyinə, Lənkəran səhiyyəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə bütün səhiyyə işçiləri adından minnətdarlığını bildirdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov peşə bayramı münasibətilə bütün səhiyə işçilərini təbrik etdi, onlara ən səmimi arzularını çatdırdı.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dönmədən, uğurla davam etdirildiyini söyləyən İcra başçısı həkimlərin cəmiyyətimizin ən hörmətli və fədakar üzvləri olmasından, ağ xalatlı tibb işçilərinin sağlamlığımızın keşiyində həmişə ayıq və sayıq durmasından, ölkə başçısının Lənkərana göstərdiyi diqqət və qayğı nəticəsində rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərində səhiyyə işçilərinin layiqli əməyindən ətraflı danışdı.
Sonra səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə Lənkəran ŞİH-nin və MRX-nın fəxri fərmanları və hədiyyələri təqdim edildi.
Bayram tədbirində çıxış edən Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinin direktoru Malik Məmmədov, “Tərəqqi” medallı tibb işçisi Məmmədrahim Fərzullayev, Həmkarlar Təşkilatının sədri Həsənağa Cəbiyev, Ümumi terapiya şöbəsinin müdiri Siyasət Qasımov və başqaları çıxış edərək ürək sözlərini və bayram təbriklərini söylədilər.
Ziyafət stolu arxasında keçən və maraqlı konsert proqramı ilə müşayiət olunan bayram tədbiri hamıya xoş ovqat bəxş etdi.