LƏNKƏRAN ŞİH-DƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ
İyunun 3-də Lənkəran Şəhər İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Lənkəran ŞİH başçısının müavinləri – Möhübbət Babayev, İlkin Rəhimov və Rasilə Əliyeva, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev ötən həftə ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şəhərin səliqə-sahmanının və təmizliyinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd etdi, Milli Qəhrəman Əsgər Əliyev adına parkda və şəhər mədəniyyət sarayında aparılan yenidənqurma və tikinti işlərinin keyfiyyətinə diqqəti artırmağın zəruriliyini diqqətə çatdırdı.
İcra başçısı həmçinin vətəndaşların ərizə və şikayətlərinin araşdırılması məqsədilə müvafiq komissiyaların yaradılması barədə tapşırıq verdi. Bildirildi ki, bu komissiyalar rayonun idarə,müəssisə və təşkilatlarında,ərazi icra nümayəndəliklərində vətəndaşların müraciətlərinə baxılması vəziyyətini yoxlamalı,şikayətlərin yaranma səbəblərini müəyyənləşdirməli və təhlil etməlidir. Təhlilin nəticələri müzakirə olunmalı və konkret qərarlar qəbul olunmalıdır.
Taleh Qaraşov qeyd etdi ki, ŞİH-də İcra başçısının müavinləri tərəfindən vətəndaşların qəbuluna ciddi yanaşılmalı, bununla əlaqədar təsdiq edilmiş qrafikə əməl olunmalıdır.
İcra başçısı sonda 15 iyun–Milli Qurtuluş günü münasibətilə keçiriləcək ümumrayon tədbirinin keçirilməsiylə bağlı lazımi tapşırıq və tövsiyələrini verdi, eyni zamanda, həftə ərzində görüləcək işlərlə bağlı tapşırıqları əlaqədar təşkilat rəhbərlərinin diqqətinə çatdırdı.