MÜƏLLİMLƏRİN SENTYABR KONFRANSI
Sentyabrın 7-də Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi konfransı keçirildi.
Konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Konfrans öz işinə Dövlət Himninin səsləndirilməsindən sonra başladı.
Konfransın gündəliyi təsdiq edildi.
Sonra Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova “2011-2012-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi.
Məruzə ətrafında müzakirələrdə şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova, şəhər 10 nömrəli tam orta məktəbin qızıl medallı məzunu, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının I kurs tələbəsi Lalə Məmmədova, Lənkəran Özəl Türk Liseyinin direktoru Rüfət Əliyev, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Cənub Regional Bölməsinin müdiri Əbdüləhəd Bağırov və valideyn Şayman İsayeva çıxış edərək ürək sözlərini söylədilər.
Şəhər 15 saylı uşaq bağçasının fidanları konfrans iştirakçılarını şeirlərlə salamladılar.
Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri şöbəsinin müdiri Aydın Əhmədov çıxışında 15 sentyabr Bilik Günü münasibətilə konfrans iştirakçılarını və rayonumuzun bütün pedoqoji kollektivini təbrik etdi.
Təhsil Nazirliyinin rəsmisi daha sonra bildirdi ki, Lənkəran rayonu özünün klassik təhsil ənənələri ilə məhşurdur. Bu əsrarəngiz diyar nəinki ölkəmizə, eləcə də dünyaya görkəmli sərkərdələr, alimlər, böyük elm adamları bəxş etmişdir. Bu ənənəni layiqincə davam etdirmək üçün hazırda pedaqoji kollektivlər üzərinə böyük vəzifələr düşür.
A.Əhmədov daha sonra yeni tədris ilində pedoqoji kollektivlər qarşısında duran mühüm vəzifələrdən danışdı, bir sıra tövsiyələrini verdi, yeni dərs ilində şagird kontingentinin ətraflı təhlil olunmasının vacibliyini vurğuladı, təhsilin keyfiyyəti və idarə olunması mədəniyyəti və s. məsələlər barədə söhbət açdı.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əvvəlcə yeni dərs ili və Bilik Günü münasibətilə bütün müəllim və şagirdləri, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik etdi.
Müəllim cəmiyyətin ən şərəfli peşə sahiblərindən biridir – deyən İcra başçısı Ulu Öndərimiz Heydər Əliyevin müəllimlərə həmişə yüksək qiymət verdiyini, təhsilimizin inkişafı üçün mühüm işlərin gördüyünü xüsusi diqqətə çatdırdı. Müəllimlər cəmiyyət üçün əsl vətəndaşlar yetişdirir, onları formalaşdırır, onlar yeni cəmiyyət quruculuğunun memarlarıdır. Bu gün təhsilin, elmin inkişafı olmadan uğurlar qazanmaq mümkün deyildir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları və Heydər Əliyev Fondunun dəstəyi ilə elmin və təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Ölkə həyatının bütün sahələrində inkişaf olduğu kimi, təhsil sahəsində də qlobal tədbirlər həyata keçirilir. Hər iki Dövlət Proqramında təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün xüsusi maddələr, bəndlər vardır.
Taleh Qaraşov daha sonra əlavə etdi ki, məktəblilərin informasiya kommunikasiya texnologiyalarına yiyələnməsi tədrisin keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Məktəblərdə əsl vətənpərvərlər yetişdirməli, onları milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə etməli, uşaqların taleyi ilə ciddi maraqlanmalı, gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün mühüm tədbirlər görülməli, onları zərərli vərdişlərdən uzaqlaşdırmalı, valideyn-məktəb əlaqələri möhkəmləndirilməlidir.
İcra başçısı çıxışının sonunda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirərək qeyd etdi ki, biz bundan sonra da gənclərimizə Azərbaycançılıq, dövlətçilik ideyalarını dönmədən aşılamalı, onları Ulu Öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyə etməliyik.
Taleh Qaraşov sonra bu ilki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə İcra Hakimiyyətinin hədiyyələrini təqdim etdi.
Sonra qətnamə layihəsi oxundu.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul olundu.