HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 91 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ
Mayın 5-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirdi.
Konfransı giriş sözü ilə açan YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov İcra başçısı Taleh Qaraşovun konfrans iştirakçılarına salamlarını çatdırdı, konfransın mövzusu haqqında məlumat verdi.
Sonra YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına nail olunmuş, xalqımız müstəqillik arzularını gerçəkləşdirmişdir. Məhz Ulu Öndərin məqsədyönlü və dərin düşünülmüş siyasəti, əzmkar fəaliyyəti nəticəsində dövlətimizin geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunmuşdur.
Konfransda həmçinin YAP Lənkəran şəhər təşkilatının üzvləri Ofelya Qənbərovanın “Heydər Əliyev və Azərbaycan qadını”, Güloğlan Bağırovun “Heydər Əliyev və Azərbaycanda təhsil” mövzularında məruzələri dinlənilmişdir. Çıxış edənlər birmənalı olaraq bildirmişlər ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz xalqın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə əsas qanun sayılan Konstitusiyanın qəbulu, hakimiyyətin demokratik dəyərlər çərçivəsində bölünməsi prinsipinin tətbiqi, hüquqi normaların və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olunması və müvafiq dövlət qurumlarının formalaşdırılması Dahi Öndərin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı dövlət quruculuğu proqramlarının bəhrəsidir. Eyni zamanda, ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Ulu Öndərin misilsiz xidmətlərindəndir. Məhz Ümummilli Liderin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşdirilmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Ulu Öndərin uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişərək, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Konfransın sonunda bir daha vurğulanmışdır ki, bu gün hər bir vətən övladı dərk etməlidir ki, ölkəmiz əldə etdiyi bütün bu uğurlara görə məhz Ulu Öndər Heydər Əliyevə borcludur.