Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NİKAH MƏRASİMİ KEÇİRİLMİŞDİR

26 aprel 2014 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov gənclərin nikah mərasiminin bundan sonra Heydər Əliyev Mərkəzində keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. İcra başçısının bu təşəbbüsü  bəyənilmiş və respublikamızın hər yerində bir ənənəyə çevrilməsi məqsədəuyğun sayılmışdır.
  Aprelin 25-də respublikamızda ilk dəfə olaraq Lənkəranda Heydər Əliyev Mərkəzində gənclərin nikah mərasimi keçirilmişdir. Burada ilk nikah müqaviləsi Ləj kənd sakini, Milli Qəhrəman Əsgər Əliyevin qardaşı oğlu Həbib Əlizadə ilə Lənkəran şəhər sakini Adilə xanım arasında bağlanmışdır. Yeni ailə quran gənclər Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çüçək dəstələri qoymuşlar. Sonra gənclər Heydər Əliyev Mərkəzinə daxil olaraq burada Ulu Öndərin zəngin irsini və şərəfli ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar.
Nikah mərasimini Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi Bayram Cəfərov açaraq bütün lənkəranlıları bu xoş gün münasibətilə təbrik etmişdir. Sonra o, İcra başçısının bu təşəbbüsünün hər yerdə böyük ruh yüksəkliyi, sevinc və razılıqla qarşılandığını bildirmiş və Ləj kənd gənclərinin bu təşəbbüsə ilk qoşulanlar arasında olduqlarını vurğulamışdır.
Daha sonra gənclər arasında nikah müqaviləsi bağlanmışdır. Qonaqların alqışları altında gənclərə nikah şəhadətnaməsi təqdim olunmuşdur.
Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev çıxışında bu gün Lənkəranda daha bir gözəl ənənənin şahidi olduqlarını söyləmiş və gənclərin nikah mərasiminin Heydər Əliyev Mərkəzində bağlanmasının onların həyatında mühüm rol oynayacağına əminlik hissini ifadə etmişdir. Ə.Əliyev yeni qurulan ailəyə İcra başçısının təbrikini çatdırmış və hədiyyəsini təqdim etmişdir.
Həbib Əliyevin babası Hacı Ələkbər Əliyev gənc ailəyə xeyir-duasını vermiş, onlara xoşbəxtlik, səadət və xoş günlər arzulamışdır.
“Kinəlim” rəqs qrupu və rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivi üzvlərinin ifası mərasimi daha da rövnəqləndirmişdir.

Keçidlər