Heydər Əliyev Mərkəzində “Milli mənəvi dəyərlər və dini radikalizm” mövzusunda seminar keçirildi
23 aprel 2014-cü il tarixdə Lənkəranda Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin , Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub Bölgəsi üzrə Şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və dini radikalizm” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub Bölgəsi üzrə Şöbəsinin müdiri Qağayı Məmmədov, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icmanın üzvü, axund Samid Quliyev, Gənclər və İdman İdarəsinin nümayəndələri və 200 nəfər tələbə iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev açaraq, ilk öncə tədbir iştirakçılarını salamladı və ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik- dini dözümlülük barəsində çıxış etdi.
Sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ceyhun Əliyev dini radikalizim və milli adət-ənənələrimiz barəsində çıxış etdi və nitqinin sonunda ölkəmizdə din siyasətinin demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət- din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını seminar iştirakçılarının diqqətinə çatdırdı.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə din və milli- mənəvi dəyərlərin birbirinə bağlılığı barədə geniş çıxış etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, dini icmanın üzvü, axund Samid Quliyev “Qeyri- ənənəvi cərəyanların milli- mənəvi dəyərlərimizə vurduğu ziyanın aradan qaldırılması yolları” mövzusunda geniş çıxış etdi.
Tədbirin sonunda seminar iştirakçılarının dini radikalizm mövzusunda sualları cavablandırıldı.