İCRA BAŞÇISININ RVO KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti görüşünü sentyabrın 6-da Rvo kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri, Rvo, Əşlə və Mollakənd kəndlərinin sakinləri iştirak edirdilər.
Əvvəlcə inzibati ərazi dairəsinin nümayəndəsi Oruc Şərbətov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi.
Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov ərazidə aparılan abadlıq və səliqə-səhman işləri barədə danışdı, bir sıra həlli vacib məsələləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra ayrı-ayrı kənd sakinləri çıxış edərək arzu və rəylərini söylədilər, bir sıra təkliflər irəli sürdülər.
Müəllim Tehran Həsənov son 4 ayda Lənkəranda aparılan tikinti, quruculuq və abadlıq işlərinə görə əhali adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə, o cümlədən İcra başçısı Taleh Qaraşova minnətdarlıq etdi.
T.Həsənov çıxışının sonunda Rvo kəndində uşaq bağçasının və sağlamlıq mərkəzinin əsaslı təmirə, Mollakənd kəndində yeni yaşayış massivində əlavə transformatora ehtiyacın olduğunu söylədi.
Ağsaqqal Məmmədağa Əhmədov Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Milli Ordumuzun zabiti Ramil Səfərovun Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əfv edilməsinin hamının ürəyincə olduğunu bildirdi və bu humanist addıma görə dövlət başçısına minnətdarlıq duyğularını ifadə etdi.
Kənd ağsaqqalı daha sonra ərazidə yetişdirilən feyxoa sitrus bitkisinin yığımının yaxınlaşdığını və bu son dərəcə xeyirli bitkinin münasib qiymətə satılması üçün lazımi şəraitin yaradılmasının zəruriliyini söylədi, ərazidən axan çayın zibillənməsinin qarşısının alınmasını təklif etdi, ərazidə artezian quyusuna ehtiyacın olduğunu diqqətə çatdırdı.
Kənd ağsaqqalı Fərrux Əmirov çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyev vaxtında hakimiyyətə gəlməsəydi indi Azərbaycan adlı dövlət, ölkə bəlkə də olmazdı. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətinin əraziyə daxil olan bütün kənd sakinləri tərəfindən möhkəm dəstəkləndiyini söyləyən kənd ağsaqqalı gələn il keçiriləcək növbəti prezident seçkilərində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərini əminliklə vurğuladı.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bildirdi ki, bu ərazidə əhalinin dövlətçiliyimizə sədaqət nümunəsi digərlərinə nümunə ola bilər. Bu, o deməkdir ki, ərazidə sağlam düşüncəli insanlar yaşayırlar. Belə gözəl şəraitdə üzü nurlu insanların yaşaması təbiidir.
İcra başçısı daha sonra son illərdə ölkəmizin əldə etdiyi nailiyyətlərdən söz açdı. Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyduğunu söyləyən İcra başçısı əlavə etdi ki, bu gün Azərbaycan qüdrətli bir dövlətə çevrilmişdir. Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına öz adını yazdırır. Bu günkü hərtərəfli inkişaf belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan tezliklə dünyanın ən inkişaf etmiş 13 dövləti sırasına çıxacaq.
Taleh Qaraşov çıxışında Lənkəran rayonunun sürətli inkişaf etdiyini, əhalinin içməli su və təbii qaz probleminin həlli istiqamətində mühüm addımların atıldığını, rayonun elektrik təsərrüfatında əsaslı dəyişikliklərin olacağını, bu sahədə mövcud problemlərin aradan qaldırılacağını, əhalinin fasiləsiz elektrik enerjisiylə təmin olunması üçün maksimum tədbirlərin həyata keçirildiyini söylədi.
İcra başçısı sonda görüş zamanı əhali tərəfindən qaldırılan həlli vacib məsələlərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.