Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ƏHALİNİN KÜTLƏVİ TİBBİ MÜAYİNƏSİ UĞURLA DAVAM ETDİRİLİR

29 mart 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlanan əhalinin kütləvi tibbi müayinələrə cəlb edilməsi prosesi respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da uğurla davam etdirilir. Rayon sakinləri onlar üçün yaradılmış bu imkandan faydalanmaq üçün böyük həvəslə təyin olunmuş tibb müəssisələrinə müraciət edirlər.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin bildirdiyinə görə hər gün müayinə üçün müraciət edənlərin sayı daha da artmaqdadır. Aksiyaya start verildiyi gündən etibarən martın 28-dək rayon üzrə nəzərdə tutulmuş 18 yaşdan yuxarı 102896 nəfər rayon sakinlərinin 22608 nəfəri müayinələrdən keçirilib. Müayinələr nəticəsində müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 1208 nəfəri ambulator, 301 nəfəri isə rayonda yerləşən səhiyyə müəssisələrində stasionar müalicəyə cəlb edilib. Daha 64 nəfər rayon sakini isə xüsusi göndərişlə paytaxt Bakı şəhərinə ixtisaslaşmış müalicəyə göndərilib.
Aksiyanın gedişi ilə bağlı fikirlərini bildirən sakinlər isə bunları söylədilər.
Azad Hüseynov (Moloja kənd sakini): “Bu gün əhalinin pulsuz tibbi müayinələrə cəlb edilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin vermiş olduğu tapşırıq əlbəttə də ki hər şeydən öncə vətəndaşların dövlət qayğısı ilə əhatə olunmasına hesablanıb. Mən Moloja kənd tam orta məktəbində müəllim işləyirəm. Şagirdlərə elmin sirlərini öyrədirik. Amma unutmamalıyıq ki, yalnız sağlam bədəndə sağlam ruh olar. Cənab Prezidentin biz vətəndaşların sağlamlığının diqqətinə bu dərəcədə həssaslıqla yanaşması bizi ürəkdən sevindirir, buna görə ölkə başçısına bütün kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk.”
Emin Qafarov (Lənkəran şəhər sakini): “Bir müddət idi ki, səhhətimlə bağlı bəzi narahatçılıqlarım vardı, amma müəyyən səbəblər üzündən həkimlərə müraciət edə bilmirdim. Cənab Prezident İlham Əliyevin məlum tapşırığından xəbər tutduqda çox sevindim. Şəhərdə yerləşən Mərkəzi Rayon Xəstəxanasına müraciət edərək pulsuz tibbi müayinələrdən keçdim. Burada yaradılmış şərait, həkimlərin pasientlərə qarşı səmimi, həssas münasibəti məni çox razı saldı. Bizim üçün yaradılan bütün bu imkanlara görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm.”
Solmaz Həşimova (Lənkəran şəhər sakini): “Mən əmək pensiyaçısıyam. Ölkə başçısının vətəndaşların pulsuz tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırığından sonra mən də Lənkəran MRX-na gələrək tibbi müayinələrdən keçdim. Məni qarşılayan həkim kollektivinin səhhətimin qayğısına diqqətlə yanaşması, müayinə üçün yaradılan şərait məndə böyük razılıq hissi yaratdı. Əlbəttə, bu, hamıdan əvvəl məhz cənab Prezident İlham Əliyevin sosial statusundan asılı olmayaraq bütün ölkə vətəndaşlarına göstərdiyi diqqətin və qayğının təzahürüdür. Mən bütün yaradılan şəraitə görə ölkə başçımıza minnətdarlığımı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində ona daha böyük uğurlar arzulayıram.”

Keçidlər