LƏNKƏRANDA MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMI QEYD EDİLDİ
Ümummilli Lider Heydər Əliyevin 28 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd edilir.
Martın 27-də Heydər Əliyev Mərkəzində bu münasibətlə təntənəli mərasim keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, MTN Lənkəran şəhər şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən mərasimi giriş sözü ilə MTN Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev açaraq təhlükəsizlik orqanlarının keçdiyi 95 illik şərəfli yoldan ətraflı danışdı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov təbrik nitqində 95 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra Ümummilli Liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açdı.
İcra başçısı daha sonra hər il MTN işçilərinin peşə bayramının təntənəli şəkildə qeyd olunmasından, MTN Lənkəran şəhər şöbəsi əməkdaşlarının dövlətçiliyimizə xidmət edən yüksək peşəkarlığından danışdı və onları əlamətdar gün münasibətilə təbrik etdi.
Taleh Qaraşov sonda MTN Lənkəran şəhər şöbəsinin bir qrup əməkdaşına ŞİH-nin Fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.
Lənkəran Şəhər-Rayon Polis şöbəsinin rəisi Möhübbət Hüseynov, rayon prokuroru Natiq Abdullayev və başqaları çıxış edərək təbriklərini söylədilər.