LƏNKƏRANDA TİBBİ MÜAYİNƏLƏR DAVAM EDİR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi yüksək fəallıqla davam edir. Respublikanın hər yerində olduğu kimi Lənkəran rayonunda da sakinlər onlar üçün yaradılmış əlverişli imkandan sağlamlıqları baxımından maksimum yararlanmağa çalışırlar. Demək olar ki, hər gün yüzlərlə rayon sakini müayinələrin aparıldığı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə, tibb məntəqələrinə gələrək sağlamlıq durumları barədə ətraflı məlumat alır və müalicə istiqamətini müəyyənləşdirir.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin baş həkiminin müavini Ağali Əliyevin verdiyi məlumata görə tibbi müayinələr hər gün davam etdirilir. Bu günə kimi Müalicə-Diaqnostika Mərkəzinə 2500-dən çox sakin müraciət edərək müayinələrdən keçib. Müayinələrə Diaqnostika Mərkəzinin yüksək ixtisaslı və təcrübəli həkim personalı təhkim olunmuşdur. Müraciət edən vətəndaşlarda ürək-damar, mədə-bağırsaq, şəkər, yüksək qan təzyiqi xəstəlikləri aşkarlanır. Digər xəstəliklərə də rast gəlinir. İlkin müayinələrdən sonra səhhətində ciddi problemlər qeydə alınan vətəndaşlar əvvəlcə daha dərin – instrumental müayinəyə cəlb edilir və yalnız bundan sonra müalicəyə yazılır. Daha ağır xəstəliklər aşkarlanan vətəndaşlar isə gərək olduğu təqdirdə göndərişlə Bakı şəhərinə göndərilir.
Sakinlər bu mühüm sosial əhəmiyyəti tədbirə, hərtərəfli müayinə üçün yaradılan əlverişli şəraitə görə ən səmimi razılıqlarını və cənab Prezident İlham Əliyevə dərin minnətdarlıq ifadə edirlər.
Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzində müayinədən keçən Lənkəran şəhər sakini Solmaz Zöhrabova müsahibəsində deyir : -Mən şəhər 3 saylı uşaq bağçasında tərbiyəçi işləyirəm. Uşaqların sağlamlığının qeydinə qalmaq üçün hər şeydən öncə özümüz sağlam olmalıyıq. Cənab Prezidentin bütün sakinlər üçün sağlamlıqlarının qorunması məqsədi ilə belə bir imkan yaratması hamımızın üryincədir. Bütün bunlara görə cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Şəhər sakini Gülarə Bayramova minnətdarığını belə ifadə edir : Doğrusu, belə müayinələrin təşkili hamıdan çox aztəminatlı ailələrin tam qayğı ilə əhatə olunması baxımından əvəzedilməzdir. Belə bir tapşırıq verməklə cənab Prezident bir daha bütün vətəndaşların qayğısına qaldığını, onları daim diqqətdə saxladığını, həqiqətən xalqa xidmət etməklə hər bir vətəndaşın prezidenti olduğunu sübut edir. Tanıdığım, bildiyim bütün insanlar hərtərəfli pulsuz tibbi müayinənin təşkilindən razılıqlarını bildirirlər. Şəxsən özüm müayinədən keçdiyim mərkəzdə tibbi personalın səmimi münasibətindən və mənə qarşı diqqətindən çox razıyam. Buna görə dövlətimizin başçısı cənab İlham Əliyevə çox minnətdaram.
Qeyd edək ki, martın 11-dək 15410 nəfər rayon sakini tibbi müayinələrdən keçib. Aksiyanın bitəcəyi 1 may tarixinədək isə rayon üzrə qeydiyyatda olan 102896 vətəndaşın müayinələrdən keçirilməsi nəzərdə tutulub.