LƏNKƏRANDA XOCALI QURBANLARININ XATİRƏSİ YAD EDİLDİ
Lənkəranda Xocalı faciəsinin 22-ci ildönümü ehtiramla qeyd edildi.
Fevralın 26-da şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov başda olmaqla İcra aparatının, idarə, müəssisə və təşkilatların rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək, faciə qurbanlarının xatirəsini yad etdilər.
Əvvəlcə İcra başçısı Taleh Qaraşov abidənin önünə əklil qoydu, faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq təzim etdi.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında “Qisas qiyamətə qalmaz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Sonda ümumxalq ziyarəti başlandı.
Fevralın 26-da Lənkəran Dövlət Universitetində, rayonun kollec və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edildi, müxtəlif idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, sərgilər keçirildi.