LƏNKƏRANDA ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Fevralın 20-də Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseyin akt zalında 2013/2014-cü tədris ili üçün TQDK-nın Lənkəran regional bölməsinin əhatə etdiyi cənub bölgəsinin rayonları üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair zona müşavirəsi keçirilmişdir. Müşavirədə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının, eyni zamanda Cəbrayıl rayonunun təhsil şöbələrinin rəhbərləri və ümumtəhsil müəssisələrinin rəhbərləri, Lənkəran ŞİH-nin məsul işçisi Asif İmanlı iştirak etmişlər.
Tədbiri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Cənub regional bölməsinin sədri Əbdülhəmid Bağırov açmış və cənub bölgəsinin, eyni zamanda Cəbrayıl rayonunun 2013/2014-cü ildə buraxılış imtahanlarının və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini video slaydlar vasitəsilə iştirakçılara çatdırmışdır. Bu təqdimatda ölkənin, o cümlədən, qeyd olunan rayonların əldə etdiyi nəticələrin elmi-statistik təhlilinə dair ətraflı məlumatlar göstərilmiş, rayonların göstəricilərinin ölkənin ümumi orta göstəriciləri ilə müqayisəsi aparılmış, ən yüksək və ən aşağı göstəricilərə malik rayon təhsil şöbələri və təhsil müəssisələri, imtahan fənləri üzrə göstəricilər, digər maraq doğuran və aktual olan məlumatlar qeyd edilmişdir.
Mövzu ətrafındakı müzakirələrdə Lənkəran şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov, Masallı rayonunun “Dəfinə” liseyinin direktoru Vidadi Nəzərov, Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov və başqaları çıxış etmişlər.
Müşavirəni TQDK-nın Lənkəran regional bölməsinin sədri Ə.Bağırov yekunlaşdırmışdır.