LƏNKƏRAN ŞİH BAŞÇISI YANINDA NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ
Fevralın 18-də Lənkəran ŞİH-də növbəti aparat müşavirəsi keçirildi. Müşavirədə ŞİH-nin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, şəhər İcra hakimiyyətinin, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak edirdilər.
Müşavirəni giriş sözü ilə ŞİH-nin başçısı Taleh Qaraşov açdı.
İcra başçısının müavinləri – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın ötən həftə ərzində görülən işlərlə bağlı hesabatları dinlənildi.
Sonra İcra Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məlahət Nəsirovanın məlumatı diqqətə çatdırıldı. Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun vətəndaşların müraciətləri ilə bağlı hesabatında Lənkəran rayonu ilə əlaqədar qeyd olunan fikirlərə münasibət bildirildi, bu sahədə işin daha da yaxşılaşdırılması üçün tövsiyə və tapşırıqlar verildi. Qeyd olundu ki, vətəndaş müraciətləri Azərbaycan Prezidentinin diqqət və qayğısından, davamlı inkişafdan, real tərəqqidən və xoşbəxt gələcəyə böyük inamdan qaynaqlandığından daim diqqətdə saxlanılmalı və qaldırılan məsələlərin həllindən ötrü lazımi tədbirlər görülməlidir.
Daha sonra İcra başçısı Taleh Qaraşov çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Xocalı soyqırımının 22-ci ildönümünün qeyd olunması ilə əlaqədar Lənkəranda silsilə tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlarını verdi, ümumrayon tədbirində ədəbi-bədii kompozisiyanın hazırlanmasını tövsiyə etdi, həmçinin qarşıdan gələn Novruz bayramı ilə əlaqədar fevralın 20-dən martın 20-dək Lənkəran rayonu ərazisində yaşıllaşdırma aylığının yüksək səviyyədə keçirilməsinin vacibliyini söylədi, eyni zamanda möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən mayın 1-dək Lənkəranda əhalinin tibbi müayinəsinin yüksək səviyyədə təşkili üçün müvafiq strukturların rəhbərlərinə konkret göstərişlərini verdi.
İcra başçısı eyni zamanda ötən həftə ərzində görülən işlərə münasibətini bildirdi, cari həftədə bu işlərin davam etdirilməsini, xüsusilə şəhərdə səliqə-sahman və təmizlik işlərinə ciddi yanaşılmasını tapşırdı.