“LƏNKƏRANDA ƏHALİNİN DİSPANSERİZASİYASI YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLMƏLİDİR”
Fevralın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının dispanserizasiyası məsələsinə həsr olunmuşdu.
Müşavirəni giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması, ölkəmizdə tibb xidmətinin səviyyəsinin ildən-ilə yaxşılaşması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görür, mühüm sərəncamlar və fərmanlar imzalayır. Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da bu sahə daim dövlət başçımızın diqqət mərkəzindədir. Rayonumuzda regional Müalicə-Diaqnostika Mərkəzi, ötən il əsaslı şəkildə yenidən qurulan Mərkəzi Rayon Xəstəxanası və onun poliklinika şöbəsi və s. əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərir. Cənab Prezidentin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi – dispanserizasiyanın keçirilməsi dövlət başçımızın respublika əhalisinə, onların sağlamlığına göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Bu məqsədlə fevralın 17-dən etibarən Lənkəran rayonunda əhalinin dispanserizasiyasına başlanacaq və 18 yaşdan yuxarı vətəndaşlar pulsuz tibbi müayinəyə cəlb ediləcəklər.
Lənkəran ŞİH başçısının sərəncamı ilə komissiya yaradılmışdır. İcra başçısının I müavini İlqar Dadaşov komissiyanın sədri təyin edilmişdir. İ.Dadaşov komissiyanın tərkibi ilə müşavirə iştirakçılarını tanış etdi.
Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev çıxış edərək möhtərəm Prezidentimizin bütün respublika əhalisinə göstərdiyi bu yüksək qayğıdan vətəndaşların maksimum yararlanmasının vacibliyini diqqətə çatdırdı və təsdiq olunmuş iş qrafiki barədə məlumat verdi.
Dispanserizasiyaya MRX-nın və MDM-nin həkim briqadaları cəlb edilmişdir. Fevralın 17-dən bu iki səhiyyə müəssisəsində idarə, müəssisə və təşkilatların bütün əməkdaşları, o cümlədən rayonun qəsəbə və kəndlərinin sakinləri yerlərdəki tibb məntəqələrində həkim briqadaları tərəfindən tibbi müayinədən keçiriləcəklər.
Müşavirəni yekunlaşdıran Taleh Qaraşov dispanserizasiyanı yüksək səviyyədə təşkil etmək üçün aidiyyatı qurumlara konkret tapşırıqlarını verdi.