Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ ZÖVLƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞÜ

02 sentyabr 2012 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü avqustun 31-də Zövlə kəndində keçirdi. Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri və Zövlə kəndinin sakinləri iştirak edirdilər.
Əvvəlcə Zövlə inzibati ərazi dairəsinin nümayəndəsi Mahmud Sadıxov çıxış edərək kəndin əhalisi, onların məşğuliyyəti barədə danışdı, bir sıra həlli vacib məsələləri İcra başçısının diqqətinə çatdırdı.
Zövlə bələdiyyəsinin sədri Malik Ağayev ərazidə aparılan abadlıq, səliqə-səhman və quruculuq işləri haqqında məlumat verdi.
Sonra görüşdə iştirak edən kənd sakinləri bir sıra təkliflərlə İcra başçısına müraciət etdilər.
Kənd Ağsaqqallar Şurasının sədri Bülbül Sadıqov təklif etdi ki, hər bir kənddə Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin fəaliyyətə başlaması Ümummilli Liderin zəngin irsinin təbliğində əvəzsiz rol oynaya bilər.
Kənd ağsaqqalı daha sonra Zövlə kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi təklifini irəli sürdü.
Çernobıl əlili Nazim Rzayev kəndə təbii qaz xəttinin çəkilməsini İcra başçısından xahiş etdi.
Ağsaqqal Şahrza Qarayev Zövlə kəndinin mərkəzinədək 1,5 km-lik yolun asfaltlaşdırılmasının vacibliyini söylədi.
Ağsaqqal Səyyad Manafov rayonumuzda aparılan tikinti, abadlıq və quruculuq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, o cümlədən İcra başçısı Taleh Qaraşova zövləlilər adından minnətdarlıq etdi.
Kənd dini icmasının üzvü Seyran Ağayev nasaz elektrik dirəklərinin dəyişdirilməsi, kəndi qidalandıran elektrik xəttinin Separadi kəndindəki yarımstansiyadan verilməsinin zəruriliyini diqqətə çatdırdı, əhalidə ekoloji mədəniyyəti formalaşdırmağın vacibliyindən söz açdı.
Daha sonra ayrı-ayrı sakinləri kənddə poçt şöbəsi və uşaq bağçası üçün yeni binanın tikintisinin vacibliyini bildirdilər, ev tikintisindən ötrü həyətyanı torpaq sahəsinin ayrılması təklifi ilə çıxış etdilər.
İcra başçısı Taleh Qaraşov yekun nitqində bildirdi ki, bu gün sakinlər tərəfindən qaldırılan təklifləri eşitmək bizim üçün çox xoşdur. Bu fəaliyyətimizin əsasını təşkil edir. Lənkəranlıların Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiqliyi, onların cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinə verdiyi yüksək qiymət olduqca xoşdur və mənim də məsuliyyətimi qat-qat artırır.
Dövlət başçımızın tapşırığına əsasən gələn ilin sonunadək respublika ərazisinin 95 faizi qazlaşdırılacaq. Ən ucqar dağ kəndləri isə növbəti mərhələdə mavi yanacağla təmin olunacaq. Bu gün Lənkəranda da qazlaşdırma prossesi sürətlə aparılır. Noyabr ayının əvvəlinədək rayon ərazisinin 75-80 faizi mavi alovla təmin olunacaq. Zövlə kəndinə qaz çəkilişi ilin sonunadək başa çatacaq.
Taleh Qaraşov daha sonra əlavə etdi ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial proqramların icrası və yeni layihələrin həyata keçirilməsi geniş vüsət alır. Təhsilin inkişafı cənab Prezidentin siyasətinin əsasını təşkil edir. Buna görə də dövlət, o cümlədən Heydər Əliyev Fondu tərəfindən qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikintisi sürətlə həyata keçirilir. Zövlə kənd tam orta məktəbi üçün yeni binanın tikintisi də plana salınmışdır. Bu işin sürətləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilir.
İcra başçısı son dörd ayda dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı 3 sərəncamın əhəmiyyətindən, şəhərimizdə genişmiqyaslı işlərin həyata keçirilməsindən danışaraq xüsusilə vurğuladı ki, biz Lənkəranın keçmiş şöhrətini cənab Prezidentin dəstəyi və lənkəranlıların yaxından iştirakı ilə özünə qaytaracağıq.
Lənkəran hazırda beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Yay aylarında Veteran Ağır Atletlərin Avropa birinciliyi məhz şəhərimizdə keçirildi. Sentyabr ayının 22-dən oktyabrın 13-dək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının dörd oyunu Lənkəran şəhər Mərkəzi Stadionunda keçiriləcəkdir. Beləliklə, dünya Lənkəranı daha yaxından tanıyacaq.
Taleh Qaraşov sonda bütün lənkəranlıları ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı. Görüşə gələrkən möhtərəm Prezidentimizin Macarıstanda ömürlük həbsdə olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması haqqında sərəncamını eşitmək hamının ürəyini qürur hissi ilə doldurdu. Bu, o deməkdir ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işi ilə sübuta yetirir.
İcra başçısı sonda bu günkü qəbul – görüşdə qaldırılan məsələlərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
 

Keçidlər