Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA GƏNCLƏR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNDU

02 fevral 2014 | 16:00

2 fevral – Gənclər günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd olundu. Bu münasibətlə Gənclər Mərkəzində şənlik keçirildi.
Şənlikdən əvvəl iştirakçılar Mərkəzin foyesində Ümummilli Liderin büstünü ziyarət edərək önünə çiçək dəstələri düzdülər.
Şənlikdə ilk olaraq Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək iştirakçıları salamladı, rayonda aparılan gənclər siyasəti və hazırda gənclərin sosial vəziyyəti haqqında məlumat verdi.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunan İcra başçısı bildirdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı Fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər günü Azərbaycanda qeyd olunmağa başlanmışdır. Əlbəttə, bu, hər şeydən əvvəl, Heydər Əliyevin gənclərə olan yüksək etimadı və güvənindən irəli gəlirdi. T.Qaraşov qeyd etdi ki, Heydər Əliyevin siyasi xəttində gənclərə olan yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərmişdir. Ulu Öndər hakimiyyəti illərində gənclərin ictimai-siyasi həyatda fəal rol oynamalarına xüsusi diqqət yetirirdi. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bir tərəfdən Azərbaycan gəncliyinin vahid rəhbərlik altında birləşdirilməsi üçün düşünülmüşdüsə, digər tərəfdən gənclərin hərtərəfli dövlət qayğısı və dəstəyi ilə əhatə olunması üçün idi.
İcra başçısı bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirdi. Bütün bunların isə, əlbəttə, Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz olduğunu vurğuladı. Elə bu gün Gənclər gününün məhz cənab Prezident İlham Əliyev tərəfindən ötən ilin sentyabrın 5-də açılışını etdiyi Gənclər Mərkəzində keçirilməsi rayon gənclərinə göstərilən diqqətin bariz nümunəsidir.
Çıxışı zamanı Lənkəranda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan İcra başçısı qeyd etdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırki səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir. “Ölkədə həyata keçirilən dövlət siyasətinin təbliği və təşkili işində Lənkəran gənclərinin belə fəal mövqe nümayiş etdirməsi böyük uğurdur” – deyə İcra başçısı əlavə etdi. O, bundan sonra da gənclərin fəallıqlarını daha da artıracaqlarına və Vətənimizin inkişafında layiqli xidmətlər sərgiləyəcəklərinə əminliyini söylədi. İcra başçısı gənclərə gələcək fəaliyyətlərində daha böyük uğur qazanmaları üçün bir sıra tövsiyələr verərək bildirdi ki, bunun üçün hər bir gənc ilk növbədə sahib olduğu milli-mənəvi dəyərlərə daim ehtiramla yanaşmalı, vətənpərvərlik duyğusunu bütün hisslərdən üstün tutmalı, ona güvənən xalqının etimadını doğrultmalıdır.
Çıxışının sonunda Taleh Qaraşov bir daha gəncləri ölkəmizin inkişafı və tərəqqisi üçün var qüvvəsi ilə çalışan Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və ona dəstək olmağa səslədi.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə ŞİH-nin Fəxri fərmanları təqdim olundu.
Şənlik müxtəlif çıxışlarla davam etdi.
Aparıcılar gəncliyə həsr olunan şeirlər səsləndirdilər.
Tədbirə dəvət olunan müğənnilər müxtəlif musiqi nömrələri ifa etdilər.
Maraqlı keçən şənlik boyu gənclər musiqi sədaları altında rəqs edərək əyləndilər.

Nurlan NƏSİROV

Keçidlər