Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANIN DAHA ÜÇ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

29 yanvar 2014 | 16:00

Yanvarın 28-də rayonumuzun Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verildi. Bu münasibətlə hər üç kənddə təntənəli açılış mərasimi keçirildi.
Mərasimlərdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov, Siyavar və Lüvəsər inzibati ərazi dairələri üzrə nümayəndələri Anar Hüseynov, Mircavad Abbasov, Əflatun Əsgərov, kənd sakinlərindən Mahmud Məmmədov, Siyavar kənd Ağsaqqallar şurasının sədri Fərman Abbasov, Lüvəsər kənd Ağsaqqallar şurasının üzvü Böyükağa Əliyev və başqaları çıxış edərək uzun illər fasilədən sonra kəndlərə yenidən təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə bütün sakinlər adından minnətdarlıqlarını bildirdilər, onlara göstərilən bu diqqət və qayğının hamıda böyük ruh yüksəkliyi və yüksək həyat eşqi yaratdığını söylədilər.
Açılış mərasimlərində çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə əhalini təbrik etdi, onlara ən xoş və səmimi arzularını çatdırdı, “mavi alov”un evlərə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzuladı. İcra başçısı həmçinin son illər ərzində Azərbaycanın sürətli inkişafından, İnkişaf Etməkdə Olan Dövlətlər sırasında ölkəmizin layiqli yer tutmasından, qazanılmış iqtisadi uğurların ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına yönəlməsindən ətraflı bəhs etdi.
Tədbirlərdə həmçinin “Azəriqaz” İstehsalat Birliyinin əsaslı təmir və tikinti şöbəsinin müdiri Natiq Əsgərov çıxış edərək təbii qazın verilməsi münasibətilə hamını təbrik etdi. Sakinlərə mavi alovdan istifadə zamanı ehtiyatlı davranmağı və qaydalara düzgün əməl etmələrini tövsiyə etdi.
Sonda qazın açılışını bildirən rəmzi məşəllər alovlandırıldı.
Qeyd edək ki, mavi yanacağın verilməsi üçün Sütəmurdov kəndində 40854 paqonnimetr, Siyavar kəndində 16374 paqonnimetr, Lüvəsər kəndində isə 21907 paqonnimetr uzunluqda müxtəlif ölçülü dəmir və politelin boru xətləri çəkilmişdir. Bunun nəticəsində Sütəmurdov kəndində 958, Siyavar kəndində 297 və Lüvəsər kəndində 312 abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Keçidlər