LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏR SAKİNLƏRİ İLƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü yanvarın 27-də Heydər Əliyev Mərkəzində şəhər sakinləri ilə keçirmişdir. Görüşdə ŞİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Lənkəran ŞİH başçısının 1 saylı sahə inzibati ərazi vahidi üzrə nümayəndəsi Vidadi Dadaşov şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı məlumat verdi. V.Dadaşov bildirmişdir ki, son illər ölkə başçısı cənab Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində respublikamızda böyük uğurlar əldə edilmiş, əhalinin həyat səviyyəsi yüksəlmiş, yeni iş yerləri açılmış, dövlət büdcəsinin və əhalinin gəlirləri dəfələrlə artmışdır. Ölkəmizin bu sürətli iqtisadi inkişafı fonunda Lənkəran şəhərində də bir çox sosial yönümlü layihələr həyata keçirilmiş, 2013-cü il Lənkəran şəhəri üçün abadlıq-quruculuq ili kimi tarixə düşmüşdür. Bu gün də şəhərin küçə və meydanlarında tikinti işlərinin davam etdirildiyini, park və meydanların, yol və səkilərin yenidən qurulduğunu diqqətə çatdıran natiq şəhərin giriş hissəsində yeni istinad divarının hörüldüyünü və milli ornamentlərlə zəngin olan dekorativ daşlarla üzləndiyini, şəhərin küçə və meydanlarında yeni işıqlandırma dirəklərinin quraşdırıldığını, Heydər Əliev Xatirə parkının dünya standartları səviyyəsində yenidən bərpa edildiyini, gənclərin asudə vaxtlarını gözəl və rahat keçirmələri üçün yeni üç mərtəbəli Gənclər Mərkəzinin inşa edildiyini, şəhərin su və kanalizasiya sisteminin tamamilə yenidən qurulması işlərinə start verildiyini söylədi. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və köməkliyi ilə şəhərdə illərlə yığılıb qalmış bir çox problemlər həllini tapıb. Ötən il həmçinin Dövlət başçımız İlham Əliyevin Lənkərana gəlişi ilə əlamətdar olub. Cənab Prezident bir sıra obyektlərin açılışında iştirak edib, yeni istifadəyə verilmiş Gənclər Mərkəzində gənclərlə görüşüb. Oktyabr ayında keçirilən prezident seçkilərində də lənkəranlılar hamılıqla Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs veriblər.
Sonra Lənkəran bələdiyəsinin sədr müavini Azər Ələsgərov, “Zövq” istehsalat-kommersiya firmasının direktoru Fəxrəddin Canıyev, şəhər xarici dillər təmayüllü gimnaziyanın direktoru Mənsur Ağayev, MRX-nın həkimi İbrahimxəlil Qasımov, təqaüdçü Miraşur Əliyev və başqaları çıxış edərək son vaxtlar ərazidə aparılan işlərdən, müxtəlif sahələrdə əldə olunan uğurlardan danışdılar, mövcud olan bəzi problemləri, şəhərin işıqlandırılmayan küçələrinin işıqlandırılması, çöxmərtəbəli yaşayış binalarının həyətinin və binalar arasındakı yolların asfaltlaşdırılması, çoxmərtəbəli yaşayış binalarının istilik sistemi ilə təchiz olunması və bir sıra şəxsi xahişlərini İcra başçısının diqqətinə çatdırdılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq bildirmişdir ki, yola saldığımız 2013-cü il cənab Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində böyük uğurlar ili kimi tarixə düşub. Ötən ildə cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində Lənkəranda həyata keçirilən uğurlu layihələri diqqətə çatdıran İcra başçısı qeyd etmişdir ki, bu müddət ərzində Lənkəranın sosial-iqtisadi inkişafı və yol tikintisi ilə bağlı 8 sərəncam verilib. Bu diqqətin sayəsində Lənkəranın siması büsbütün dəyişib, uğurlu inkişaf yolu keçib. Taleh Qaraşov həmçinin işlərin bundan sonra da davam etdiriləcəyini bildirərək demişdir ki, hazırda Lənkəranda 12 məktəb binasının, yeni Olimpiya İdman Kompleksinin və digər obyektlərin tikintisinə başlanılıb, şəhərin qazlaşdırılması, abadlaşdırılması, su və kanalizasiya probleminin həlli istiqamətində işlər 2014-cü ildə də davam etdiriləcək.
Daha sonra İcra başçısı Taleh Qaraşov bugünkü görüş zamanı irəli sürülən təkliflərin yerinə yetiriləcəyini əminliklə söyləmiş və görülən işlərlə yanaşı, sakinlərin doğma şəhərlərinin daha abad və yaraşıqlı olmasından ötrü fəal olmalarını, şəhərin park, küçə və meydanlarına diqqətlə yanaşmalarının vacibliyini xüsusi vurğulamışdır.