Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Yanvarın 24-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin Lənkəran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinlərini qəbul etmişdir.
Qəbulda 100 nəfərədək bölgə sakininin müraciəti dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, ünvanlı dövlət sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin edilmə, əhalinin məşğulluğu və digər məsələlərlə bağlı olmuşdur.
Müraciətlərdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapmış, digərləri isə araşdırılması üçün qeydiyyata alınmışdır.
Nazir Səlim Müslümov müraciətlərdə qaldırılan bütün məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsinə dair aidiyyəti strukturların rəhbərlərinə göstəriş vermişdir.
Qəbulda nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər də qeydə alınaraq müvafiq orqanlara çatdırılması məqsədi ilə nəzarətə götürülmüşdür.
Vətəndaşların qəbulu başa çatdıqdan sonra 5 nəfərə əlillik arabası verilmişdir.