LƏNKƏRANDA İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI,GENERAL-MAYOR HƏZİ ASLANOVUN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ
Yanvarın 22-si II Dünya müharibəsinin igid sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Bununla əlaqədar qəhrəmanın adını daşıyan Xatirə parkında tədbir keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin, ziyalıların, KİV-lərin və ictimaiyyətin nümayəndələrinin qatıldığı “Həzi burda doğulub” adlı ədəbi-bədii kompozisiyanı respublikanın Xalq artisti Qabil Quliyev açaraq Azərbaycanın hərb tarixində misilsiz rolu olan Həzi Aslanovun keçdiyi döyüş yolundan danışmış, onun xatirəsinin Azərbaycan xalqı tərəfindən həmişə əziz tutulduğunu qeyd etmişdir.
Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra söz Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Asif İmanlıya verilmişdir. O, qəhrəmanın keçdiyi şərəfli həyat və döyüş yolu haqqında qısaca məlumat vermiş, onun Böyük Vətən Müharibəsi illərində döyüşlərdə göstərdiyi qəhrəmanlıqları bir daha xatırlatmışdır.
Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov Həzi Aslanovun Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaətdən, igidliklərdən danışaraq qeyd etmişdir ki, eloğlumuzun rəşadəti bu gün hamımız üçün böyük fəxarət, and yeridir. Bu gün Azərbaycan gəncləri Həzi kimi vətənpərvər, cəsur olmalı, Vətəni onun kimi layiqincə qorumalıdır.
Tədbirdə rayonun ümumtəhsil məktəblərinin “Gənc Aslanovçu”larının ifasında Həzi Aslanova, Vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş şeirlər səslənmişdir.
Tədbirin sonunda iştirakçılar tərəfindən qəhrəmanın abidəsi önünə gül dəstələri qoyuldu.