İCRA BAŞÇISI 20 YANVAR ŞƏHİDLƏRİNİN AİLƏ ÜZVLƏRİNİ QƏBUL ETDİ
Yanvarın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar şəhidlərinin ailə üzvlərini qəbul etmişdir.
İcra Hakimiyyətinin akt zalında keçirilən görüşdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvlərinə başsağlığı verdikdən sonra, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə Sovet qoşunlarının törətdiyi qətliamdan danışaraq qeyd etmişdir ki, bu, SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovun tapşırığı ilə Azərbaycan xalqına qarşı Bakıda törədilən misli görünməmiş qanlı faciə, terror və soyqırımı idi. Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər öz kreslolarını qorumaq üçün imperiya qoşunlarını Bakıya dəvət etdilər.
İcra başçısı sonra AXC-Müsavat cütlüyü hakimiyyəti dövründə bu faciəyə siyasi, hüquqi qiymətin verilmədiyini vurğulamışdır. Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dahi rəhbərin qətiyyəti və iradəsi ilə bu qanlı faciəyə hüquqi qiymət verildi. Beynəlxalq ictimaiyyət və təşkilatlar bu qətliama Ulu Öndərin apardığı siyasət nəticəsində doğru qiymət verməyə başladılar.
Taleh Qaraşov daha sonra Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il Ümumxalq Hüzn günü kimi ehtiramla qeyd edilməsindən bəhs etmiş, azadlıq mücahidlərinin əziz xatirəsinin həmişə dövlətimiz və xalqımız tərəfindən əziz tutulduğunu, onların ailə üzvlərinin qayğı ilə əhatə olunduğunu xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, illər keçəcək, nəsillər dəyişəcək, lakin bu qanlı tarix heç zaman unudulmayacaq. 20 Yanvar şəhidlərinin müqəddəs ruhu daim bizimlə olacaq. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız geri qaytarılacaq, şəhidlərimizin ruhu sevinəcəkdir.
“20 Yanvar” cəmiyyəti Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev, görüşdə iştirak edən şəhid ailələrinin üzvləri onlara və əlillərə göstərilən qayğıya görə dövlət başçısına, səmimi qəbula görə İcra başçısına minnətdarlıqlarını bildirmiş, şəxsi xahişləri ilə İcra başçısına müraciət etmişlər. Taleh Qaraşov onların problemlərinin operativ həll olunması üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlarını vermişdir.
Görüşdə iştirak edən şəhid ailələrinin üzvlərinə və əlillərə Şəhər İcra hakimiyyəti tərəfindən maddi yardım və ərzaq verilmişdir.
Qeyd edək ki, 20 Yanvar faciəsində Lənkərandan 5 nəfər – Asif Kamil oğlu Əsədullayev, Mircamal Mirsaleh oğlu Əbülfətov, Telman Məlik oğlu Bağırov, Azad Əliheydər oğlu Mirzəyev və Əflatun Həşim oğlu Kazımov şəhid olmuşdur.