Gənclər Evində "Qanlı Yanvar" mövzusunda dəyirmi masa keçirildi
Yanvarın 16-da Lənkəran şəhər Gənclər və İdman İdarəsində 20 Yanvar hadisələri mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada 40 nəfər gənc iştirak etmişdir.
İlk olaraq 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Nazim Vəliyev açaraq bildirmişdir ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Ardından idarənin baş məsləhətçisi Sadiq Həmidov çıxış etmiş və bildirmişdir ki, 20 Yanvar hadisələrindən illər keçsə də şəhidlərimiz unudulmur və Respublikanın bütün şəhər və rayonlarında hər il bu tarixdə minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.
Tədbirdə iştirak edən Lənkəran Dövlət Humanitar Kollecinin və Lənkəran Tibb Kollecinin tələbələri də çıxış edərək öz fikirlərini bildirdilər.