İCRA BAŞÇISININ NƏRİMANABAD QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Yanvarın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yeni ilin ilk səyyar qəbul-görüşünü rayonun Nərimanabad qəsəbəsində keçirdi.
Tədbiri giriş sözü ilə inzibati ərazi dairəsinin nümayəndəsi Ağamirzə Ağayev açaraq ötən il Nərimanabad qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı məlumat verdi. A.Ağayev bildridi ki, Nərimanabad qəsəbəsində 1117 təsərrüfatda 5021 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti üzümçülük və balıqçılıqdır. Ötən il qəsəbənin əsas yolunun təmirinə başlanılıb. Qaz xəttinin çəkilişi davam etdirilir, daşıyıcı qaz kəmərinin quraşdırılması artıq başa çatdırılmışdır. Balıq kombinatının gəmilərinin dənizə çıxışını asanlaşdırmaq üçün kanal qazılır. Bunun nəticəsində dənizə çıxan gəmilərdə 200 nəfərə qədər qəsəbə sakini işlə təmin olunacaq.
Sonra bir neçə qəsəbə sakini son vaxtlar ərazidə aparılan işlərdən, müxtəlif sahələrdə əldə olunan uğurlardan danışdılar, mövcud olan bəzi problemləri İcra başçısının diqqətinə çatdırdılar, məsələlərin həlli ilə bağlı təkliflərini səsləndirdilər. Çıxış edənlər son vaxtlar ölkəmizdə, eləcə də rayonda aparılan tikinti-quruculuq işlərinin ərazidən də yan keçmədiyini söyləylədilər. Hazırda Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisinin və qəsəbəyə ilk dəfə olaraq təbii qaz çəkilişinin əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, eləcə də bir çox problemlərin aradan qaldırılmasına xidmət etdiyini bildirdilər. Bütün bunlara görə ölkə başçısı cənab İlham Əliyevə və Lənkərəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıqlarını ifadə etdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq səsləndirilən təkliflərin qısa müddət ərzində icrasına başlanılacağını bildirdi. İcra başçısı qeyd etdi ki, cənab Prezident İlham Əliyevin Lənkərana son səfərindən sonra rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə imzaladığı sərəncamlardan biri məhz Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlıdır. Bu isə öz növbəsində ərazidə yaşayan sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına hesablanmışdır. Tezliklə bu yol tikilib əhalinin istifədəsinə veriləcək. Taleh Qaraşov bildirdi ki, Nərimanabad və Balıqçılar qəsəbələri böyük turizm potensialına malikdir. Lakin bura gələn yolun bərbad olması bu sahənin inkişafına maneə törədir. Yol təmir olunduqdan və qəsəbəyə təbii qaz veriləndən sonra isə əraziyə istər yerli, istərsə də xarici qonaqların cəlb edilməsi ilə burada həm yeni xidmət sahələri, həm də iş yerləri açılacaqdır.