Yanvarın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətində yeni ilin ilk Aparat müşavirəsi keçirildi.
Müşavirədə İcra başçısının müavinləri, İcra Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov, İcra başçısının müavini İlkin Rəhimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev ötən ilin son həftəsində görülmüş işlər barədə hesabat verdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müşavirədə yola saldığımız 2013-cü ilin xalqımızın taleyində böyük uğurlarla zəngin olduğunu, ölkəmizin ictimai-siyasi və mədəni həyatında sanballı nailiyyətlərlə, tarixi əhəmiyyətli mühüm yeniliklərlə yaddaşlara həkk olunduğunu diqqətə çatdırdı. Bütün bölgələrdə olduğu kimi, Lənkəranda da ötən ildə rayonun sosial-iqtisadi inkişafı istiqamətində davamlı işlərin görüldüyünü, tikinti-quraşdırma və abadlaşdırma işlərinin həcminin dəfələrlə artdığını söyləyən İcra başçısı yeni ildə Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar qarşıda mühüm vəzifələrin durduğunu bildirdi, idarə, müəssisə və təşkilat rəhbərlərinə, inzibati ərazi dairələrinin nümayəndələrinə və bələdiyyə sədrlərinə konkret tapşırıqlarını verdi.