Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“CƏNUB GƏNCLİYİ SAĞLAM HƏYAT TƏRZİNİ SEÇİR”

30 avqust 2012 | 15:00

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı cənub regionunda “Cənub gəncliyi sağlam həyat tərzini seçir” adlı yeni bir layihəyə start verib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlib. Ölkədə, əsasən də cənub bölgəsində gənclər arasında qismən də olsa narkotik vasitələrdən istifadənin qarşısının alınmasına yönələn layihədə cənub regionunun beş – Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında silsilə maarifləndirici interaktiv metodlu tədbirlərin keçirilməsi, geniş PR, sosial reklam, TV proqram, şəbəkələşmə və digər individual fəaliyyətləri özündə ehtiva etməklə Hökumət, QHT və İctimaiyyət prinsipinin gerçək şəkildə tətbiqi nəzərdə tutulub.
Layihə çərçivəsində növbəti tədbir avqustun 29-da Lənkəranda keçirilib. Lənkəran Şəhər Gənclər və İdman idarəsinin binasında təşkil olunan tədbirə hüquq-mühafizə orqanları, təhsil, səhiyyə şöbələri və KİV-nin nümayəndələri, həmçinin rayonun fəal gəncləri qatılıb.
Tədbiri giriş sözü ilə ADTGT-nin sədri Asif Əsgərli açaraq layihənin əsas məqsədləri və layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqda məlumat verib.
Sonra təşkilatın sədr müavini Gülnarə Bağırovanın “narkomanlıq bəşəriyyətin bəlası, gənclik üçün mənəvi zərbədir”mövzusunda çıxışı dinlənilib.
Daha sonra iştirakçılar məruzə ətrafında çıxışlar edib, layihənin daha da uğurla həyata keçirilməsi üçün təkliflər verib və müzakirələr aparıblar.
Qeyd edək ki, dörd ay davam edəcək layihənin növbəti mərhələlərində regionda narkomanlığın real mənzərəsini əks etdirmək məqsədilə alternativ hesabat hazırlamaq üçün sosioloji sorğu və monitorinqin aparılması, sağlam həyat tərzini təbliğ etmək məqsədilə Yardımlıdan start götürüb Astarada finişə çatmaqla beş rayondan keçən velosiped yürüşünün təşkili və Masallıda geniş tərkibli – hökumət rəsmilərinin, QHT-lərin, təhsil, səhiyyə, gənclər və idman nümayəndələrinin iştirakı ilə regional konfransın keçirilməsi nəzərdə tutulub.
 

Keçidlər