LƏNKƏRANDA BAYRAM ŞƏNLİYİ KEÇİRİLDİ
Dekabrın 29-da əzəmətli “Şah” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik etdi, 2013-cü ilin xalqımız, o cümlədən Lənkəran üçün uğurlu olduğunu söylədi, yeni ildə ictimai-siyasi, iqtisadi-mədəni həyatımızın bütün sahələrində daha böyük müvəffəqiyyətlərin qazanılmasını arzuladı.
İcra başçısı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açdı, Ulu Öndərin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və birliyinin möhkəmlənməsidən, tarixi vətənlə əlaqələrinin güclənməsindən danışdı, diaspor quruculuğunun Azərbaycan üçün önəmli əhəmiyyət kəsb etdiyini vurğuladı, Dahi Rəhbərin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından, xaricdə yaşayan həmvətənlərimizin Bakıda keçirilən qurultaylarından və onun əhəmiyyətindən ətraflı bəhs etdi.
Taleh Qaraşov daha sonra Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən danışdı, respublikamızın çiçəklənən diyara çevrilməsini fərəhlə qeyd etdi, bütün bölgələrdə olduğu kimi, Lənkəranda da həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən bəhs etdi, 2014-cü ildə qazanılan uğurların daha da inkişaf etdiriləcəyini, yeni proqram və layihələrin yerinə yetiriləcəyini, rayonumuzda qazlaşdırma prosesinin başa çatacağını, yol infrastrukturunun yenilənəcəyini, su-kanalizasiya sisteminin yenidən qurulması işinin sürətləndiriləcəyini əminliklə vurğuladı.
Sonra T.Qaraşov populyar müğənni Cavad Rəcəbova 60 illik yubileyi və “ANS”in bölgə müxbiri Esmira Ağayevaya yubileyi münasibətilə, o cümlədən rayonumuzun təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində, ictimai-siyasi həyatında, quruculuq və abadlıq işlərində fərqlənən bir qrup şəxsə ŞİH-nin Fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim etdi.
Lənkəranın incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirdi.
Balaca məzhəkəçilərin əyləncələri, müxtəlif oyunları, Şaxta babanın və Qar qızının çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirdi.
Şirniyyat stolu arxasında keçən şənlik hamıya xoş ovqat bəxş etdi.