Lənkəranda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-in təşkilatçılığı ilə erkən nikahların törətdiyi fəsadlar mövzusunda tədbir keçirib
Dekabrın 19-da Lənkəran şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran şəhər İcra hakimiyyəti ilə birlikdə UNİCEF-in təşkilatçılığı ilə bölgə üzrə erkən nikah hallarının azaldılması məqsədilə həyata keçirilmiş tədbirlərin nəticələrinin, eləcə də qarşıda duran məsələlərin müzakirəsi ilə bağlı tədbir keçirmişdir.Tədbirdə Lənkəran rayonu üzrə Rvo, Mamusta, Veravul kəndləri, Aşağı Nüvədi, İstisu qəsəbələri və Masallı rayonu üzrə Xırmandalı, Hışqədərə, Boradigah, Təzə Alvadı kəndləri inzibati ərazi vahidliklərinin icra nümayəndələri, məktəb direktorları, polis əməkdaşları və din xadimləri iştirak etmişdir.
Tədbirin aparılma qaydasına uyğun olaraq söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müdir müavini Pərviz Əliyevə verildi. P.Əliyev çıxışında erkən nikah problemi, uşaqların təhsil hüququnun pozulması, erkən yaşda nikaha daxil olan qız tərəfindən yeni dünyaya gələn uşağın sağlamlığında ciddi problemlərin olması baxımından,həmçinin rəsmi nikah olmadığından bu tip ailələrdə problemlərin sonradan hüquq pozğuntularına səbəb olması, bundan əlavə 2011-ci ildə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edilməsi və eyni zamanda Cinayyət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı aparılmış maarifləndirmə və qanunvericilik tədbirləri nəticəsində 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 nəfərdən 2012-ci ildə 3236 ya qədər enməsi, görülən işlər və onların nəticələri haqqında danışdı.
Müstəqil ekspert Zabilə İsmayılova çıxışında bildirdi ki, erkən nikah hallarının azaldılması məqsədi ilə həyata keçirilmiş tədbirlər erkən nikah hallarının azalmasına səbəb olmuşdur, statistik məlumata görə bu rəqəm müqayisədə təxminən min nəfər azalmışdır. Ümumi olaraq görülən işlər, faktlar, təcrübələr və bunların nəticələri haqqında məlumat vermişdir.
Müzakirələr zamanı iştirakçılar erkən nikah hallarının azaldılması məqsədilə həyata keçirilmiş tədbirlərin davamlı olaraq keçirilməsi, əhatə etdiyi ərazini artırması, daha çox ucqar kəndlərdə informasiyanın ötürülməsi, onlarla görüşlərin keçirilməsi, məktəblərdə mövzu ilə əlaqədar tədbirlərin keçirilməsi, ərazi icra nümayəndələri, məktəb direktorları, polis əməkdaşları və din xadimlərinin bir-biri ilə əlaqəli şəkildə işləməsinin zəruriliyi qeyd edilmişdir.