Lənkəranda “Gəlin mühəndis olaq!” layihəsi çərçivəsində tədbir keçirilmişdir
Noyabrın 30-da Lənkəran rayonundakı “Palmalife” hotelində “Gəlin mühəndis olaq!” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc mühəndislərin inkişafı” İctimai Birliyinin, Təhsil, Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran Özəl Türk Liseyinin və rayonun tam orta ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci siniflərində təhsil alan istedadlı uşaqlardan 45 nəfəri iştirak etmişdir.
Layihənin məqsədi Azərbaycanda mühəndisliyin inkişafına və gələcək perspektivlərinə dəstək vermək, şagirdlərlə təcrübəli mühəndislər arasında mühəndisliyə dair fikir mübadiləsi aparmaq, analitik düşüncə qabiliyyəti yüksək olan orta məktəb şagirdləri arasında mühəndisliyə marağı olan gəncləri aşkar edib üzə çıxarmaq, orta məktəb şagirdlərinə gələcəkdə düzgün ixtisas seçimində tövsiyələr verməkdir.
Tədbirdə çıxış edən “Gənc mühəndislərin inkişafı” İctimai Birliyinin sədri Polad Rüstəmov layihə haqqında məlumat verərək bildirmişdir ki, başçılıq etdiyi Qeyri-Hökumət Təşkilatı 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant Müsabiqəsinin qalibi olmuşdur.
Qeyd olunmuşdur ki, layihə üzrə Azərbaycanın 5 regional mərkəzində-Gəncə, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli, şəhər təhsil şöbəsi müdirinin müavini Güloğlan Bağırov, gənclər və idman idarəsinin baş məsləhətçisi Əli Nurullayev “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın icrası istiqamətində Lənkəran rayonunda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışmış, şagirlərin peşə seçimində layihınin rolunu yüksək qiymətləndirmişlər.
Layihə çərçivəsində məktəbli-gənclərin intellektual qabiliyyətlərini aşkar etmək məqsədilə kiçik sosial-psixoloji sınaqlar, təcrübəli mühəndislərin iştirakı ilə mühəndisliyin təbliği mövzusunda seminarlar keçirilmişdir.
Tədbirdə, həmçinin, şagirdlər arasında təşkil olunmuş simulyasiya oyunları vasitəsilə onlarda mühəndisliyə maraq oyadılmışdır.
Sınaq nəticələri müzakirə edilərək şagirdlərə ixtisas seçimi ilə bağlı tövsiyələr verilmişdir.
Tədbirin sonunda layihənin bütün iştirakçılarına sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim edilmişdir.