LƏNKƏRANDA 3 DEKABR–BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ QEYD OLUNDU
Beynəlxalq Əlillər günü respublikamızın bütün rayonlarında oldugu kimi, Lənkəran rayonunda da qeyd olundu.
Əzəmətli “Şah” sarayında keçirilən tədbirdə çıxış edən Lənkəran rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rafayıl Tahirov əlilləri təbrik edərək bu gün haqqında ətraflı məlumat verdi və əlil vətəndaşlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Natiq bildirdi ki, BMT-yə üzv olan bütün ölkələrdə də Əlillər günü qeyd olunur. Lənkəranda 12,780 əlil var ki, onlardan bir qismi ünvanlı sosial yardım, bir qismi isə əmək pensiyası alır.
Sonra tədbirdə iştirak edən Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini İlkin Rəhimov bütün əlilləri İcra başçısı Taleh Qaraşovun adından salamlayaraq bildirdi ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin daha çox həssas təbəqəsinin ehtiyaclarına diqqətin cəlb edilməsidir. Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirənlərin, Böyük Vətən müharibəsi, 20 yanvar və Qarabağ müharibəsi əlillərinin, fiziki cəhətdən əlilliyi olan insanların qayğıları dövlətin bu gün davamlı siyasətidir. Respublikamızda əlillərə dövlət tərəfindən göstərilən qayğı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Regionlarda əlillər üçün tikilən çoxmərtəbəli yaşayış binaları bunun bariz nümünəsidir. Lənkəranda əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün 90 əlil mənzillərlə təmin olunub.10-a yaxın əlil üçün isə fərdi yaşayış evi tikilərək onların istifadəsinə verilib.
Bununla yanaşı Lənkəranda Əlillərin Regional Bərpa Mərkəzi də fəaliyyət göstərir.Mərkəzdə əlillərin sağlamlıqlarında yaranan problemlər təmənnasız olaraq aradan qaldırılır. Bu günə kimi mərkəzin imkanlarından 2,500-ə yaxın əlil istifadə edib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən fiziki sağlamlığını itirən əlillər, əlil arabları və qiymətli hədiyyələrlə təmin edildi. Qeyd edək ki, Lənkərandakı əlillərin bir qismi Böyük Vətən, Qarabağ müharibəsi, Əfqanistan və Çernobılda saglamlıqlarını itirən insanlardır.
Tədbir şirniyyat stolu arxasında yerli musiqiçilərin maraqlı konsert proqramları ilə davam etdi.