LƏNKƏRANDA YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 21 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 21 ilinin tamam olması münasibətilə Heydər Əliyev Mərkəzində konfrans keçirildi. Konfransda şəhər təşkilatının sədri İlqar Dadaşov, sədr müavini Əlimərdan Əliyev, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavinləri və partiya fəalları iştirak edirdilər.
Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Xatirə parkında ucaldılan Ümummilli Liderin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Konfransı YAP Lənkəran şəhər təşkilatının sədri, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov açaraq iştirakçıları və bütün partiya üzvlərini bu böyük gün münasibətilə təbrik etdi. İ.Dadaşov partiyanın yarandığı tarixi dövrdən söhbət açaraq həmin illərin xalqımızın yaddaşında dərin izlər buraxdığını bildirdi. Natiq qeyd etdi ki, xalqın təkidli tələbi ilə ölkəyə qayıdan xalqın böyük oğlu Heydər Əliyev dərin düşünülmüş siyasət həyata keçirməklə o vaxt dövlətimizi düşdüyü böhranlı vəziyyətdən çıxara bilmiş, qısa müddətdə böyük uğurların qazanılmasında müstəsna xidmətlər göstərmiş, xalqın etimadını qazanmışdır. Məhz bütün bunların nəticəsidir ki, Dahi Liderin qurduğu Yeni Azərbaycan Partiyası xalqın güvənc mənbəyinə çevrilmiş, ötən müddət ərzində partiyanın sıraları daha da genişlənmişdir.
Sonra YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev çıxış edərək YAP-ın hakimiyyəti illərində həyata keçirilən uğurlu daxili və xarici siyasətdən danışdı. Qazanılan uğurların – ölkədə ictimai və siyasi sabitliyin əldə olunmasını, qısa müddətdə böyük iqtisadi inkişafa nail olunmasını, dövlətimizin nüfuzunun artaraq beynəlxalq aləmdə güclü söz sahibinə çevrilməsini bu düşünülmüş siyasətin bəhrəsi olduğunu vurğuladı.
Konfransda həmçinin YAP Lənkəran şəhər təşkilatı Qadınlar şurasının sədri Ofelya Qənbərova və YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev çıxış edərək partiyanın həyata keçirdiyi siyasətdə qadınlara və gənclərə göstərilən yüksək diqqət və qayğıdan, onların ictimai-siyasi həyatda fəal mövqe nümayiş etdirmələri üçün yaradılan geniş imkanlardan, idarəçilik sistemində qadınların və gənclərin önə çəkilərək əməyinin yüksək qiymətləndirilməsindən danışdılar.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup partiya üzvünə vəsiqələr, həmçinin partiyanın fəaliyyəti dövründə xüsusi fəallıq göstərən üzvlərinə Fəxri Fərmanlar təqdim olundu.