LƏNKƏRANDA “DOLU” BƏDİİ FİLMİNİN TƏQDİMATI KEÇİRİLDİ
Noyabrın 12-də Heydər Əliyev Mərkəzində millət vəkili, yazıçı-publisist Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı bədii filmin təqdimat mərasimi keçirildi.
Romanın və filmin ssenari müəllifi Aqil Abbas mərasimi giriş sözü ilə açaraq ilk növbədə Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırdı.
Filmdə hadisələr 1991-ci ildə Qarabağda cərəyan edir. Həmin dövrdə orduda hökm sürən səriştəsizlik və hərc-mərclik nəticəsində Qarabağda vuruşan könüllülərdən ibarət dəstələrin qəhrəmanlığı və şücaəti filmdə öz əksini tapmışdır.
A.Abbasın qeyd etdiyi kimi, həm romanda, həm də filmdə Lənkərandan başqa heç bir rayonun adı çəkilmir. Filmin əvvəlində döyüş səhnələri göstərilən hissədə “Lənkərandan 25 nəfər könüllü cəbhəyə köməyə gəlmişdir” fikri səsləndirilir. Müəllif bunu belə izah etdi ki, romanda və filmdə cərəyan edən hadisələr onun şəxsi müşahidələri əsasında qələmə alınmışdır. Lənkərandan olan 15 yaşlı gənc valideynlərindən xəbərsiz könüllü olaraq Qarabağa gedir və mənfur ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olur. Atası oğlunun vuruşduğu cəbhə bölgəsinə gəlir və oğlunun meyidini ona verirlər. Ata isə oğlunu şəhid olduğu yerdə dəfn etdikdən sonra övladının avtomatını götürərək azğın düşmənlə döyüşlərə gedir və oğlunun savaş yolunu davam etdirir. Müəllif məhz bu hadisədən təsirlənərək romanda və filmdə yalnız Lənkəranın adını çəkmişdir.
Sonra “Dolu” bədii filminin yaradıcı heyəti səhnəyə dəvət olundu və müəllif onları tamaşaçılara təqdim etdi.
Tamaşanın quruluşçu rejissoru Elxan Cəfərovdur. Baş rolun ifaçısı Məmməd Səfadır. “Drakon” rolunda Rza Rzayev, “Pələng” rolunda Elvin Əhmədov, Katib rolunda isə Xalq artisti Fuad Poladov çəkilmişlər.
Sonra film nümayiş etdirildi.
Film başa çatdıqdan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müəllifə və yaradıcı heyətə bütün lənkəranlılar adından minnətdarlığını bildirdi.