“HÜQUQİ DÖVLƏTİN ƏSASLARI” OLİMPİADASININ NƏTİCƏLƏRİ ELAN OLUNDU
Noyabrın 8-də Heydər Əliyev Mərkəzində “Hüquqi Dövlətin Əsasları” Olimpiadasının nəticələrinə həsr olunan tədbir keçirildi.
Tədbirdə Konstitusiya Məhkəməsinin əməkdaşları, Olimpiadada iştirak edən Lənkəran, Masallı, Astara və Lerik rayonlarının rəsmiləri, təhsil şöbələrinin rəhbərləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açdı.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova çıxış edərək Olimpiadanın təşkilində yaxından köməklik göstərdiklərinə görə hər dörd rayonun rəhbərliyinə, xüsusilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlığını bildirdi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbəri adından müraciəti Vüsal Nəsirliyə təqdim etdi. Olimpiadanın gedişi və nəticələr haqqında məlumat verən D.Məmmədova bildirdi ki, “Hüquqi Dövlətin Əsasları” Olimpiadası hər il Konstitusiya günü ərəfəsində Respublikanın müxtəlif təhsil müəssilərində keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd Konstitusiyanın əsaslarını tələbə və şagirdlərə daha dolğun öyrətməkdən, onların hüquqi biliklərinin səviyyəsini müəyyən etməkdən ibarətdir. Olimpiadanın nəticələri ilə bağlı fikir bildirərkən D.Məmmədova Lənkəran Dövlət Universitetinin göstərdiyi zəif nəticənin üzücü, əksinə orta məktəblərdə şagirdlərin yüksək bilik nümayiş etdirməsinin sevindirici hal kimi qarşılandığını xüsusilə diqqətə çatdırdı.
Sonra imtahanın nəticələri açıqlandı. Qaliblərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və qiymətli hədiyyələr təqdim olundu.
Qeyd edək ki, nəticələrə əsasən rayonlar üzrə 1-ci yerə Lənkəran, 2-ci yerə Astara, 3-cü yerə Masallı rayonu layiq görüldü. Lerik rayonu isə göstərdiyi zəif nəticəyə əsasən sonuncu yerdə qərarlaşdı.
Tədbirdə həmçinin Astara və Lerik rayon İcra hakimiyyətlərinin nümayəndələri, Masallı rayon Təhsil şöbəsinin müdiri çıxış edərək iştirakçıları Bayrağ günü və Konstitusiya günü münasibətilə təbrik etdilər, Olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlıqlarını bildirdilər.
Tədbiri V.Nəsirli yekunlaşdıraraq bir daha qalibləri təbrik etdi.