Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISININ ŞÜRÜK KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ

25 avqust 2012 | 15:00

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul – görüşünü avqustun 24-də Şürük kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, icra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Şürük, Tütəpeştə, Türkəkəran və Moğonojoba kəndlərinin sakinləri iştirak edirdilər.
Şürük inzibati ərazi dairəsinin nümayəndəsi Asif Ağayev nümayəndəliyə daxil olan dörd kəndin əhalisi, onların məşğuliyyəti və mövcud sosial problemlər barədə İcra başçısına məlumat verdi.
Sonra ayrı-ayrı kənd sakinləri çıxış edərək arzu, təklif və rəylərini söylədilər.
Ağsaqqal Samid Eyvazov çıxışında respublikamızın sürətli inkişafından, cənab Prezident İlham Əliyevin xalqın maddi rifah halının durmadan yaxşılaşdırılması istiqamətində atdığı mühüm addımlardan danışdı, London Yay Olimpiadasında idmançılarımızın qazandığı qələbələrdən söz açdı. Kənd ağsaqqalı daha sonra Lənkəran rayonunda son aylarda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışdı, ərazidə feyxoa sahələrinin genişləndirilməsi üçün kreditin ayrılması təklifini irəli sürdü.
S.Eyvazov çıxışının sonunda ərazidə yaşayan bütün sakinlərin gələn il keçiriləcək növbəti Prezident seçkilərində hamılıqla dövlət başçımız İlham Əliyevə səs verəcəklərini əminliklə vurğuladı.
Ağsaqqal Əli Səfərov əraziyə qaz xəttinin çəkilişi ilə əlaqədar sakinlər adından İcra başçısına minnətdarlığını bildirdi, Tütəpeştə kənd yolunun asfaltlaşdırılması və yeni məktəb binasının tikintisi təklifini irəli sürdü.
Ağsaqqal Taleh Səfərov Şürük sahə xəstəxanasının 1885-ci ildə tikilmiş binada yerləşdiyini diqqətə çatdırdı.
Ağsaqqal Baba Babayev Azərbaycanın iqtisadiyyatının gündən-günə dirçəldiyini qeyd etdi, ölkəmizdə tam iqtisadi-siyasi sabitliyin hökm sürdüyünü, pensiyaların və əmək haqlarının vaxtında verildiyini və hər il artırıldığını, respublikamızda yoxsulluğun minimuma endirildiyini, yeni iş yerlərinin yaradıldığını xüsusi qeyd etdi.
Kənd ağsaqqalı çıxışında Şürük-Vel-Qamışovka avtomobil yolunun təmiri üçün 3,2 milyon manat vəsait ayırdığına görə ölkə başçısı cənab İlham Əliyevə ərazidə yaşayan bütün sakinlər adından minnətdarlıq etdi.
Ağsaqqal-müəllim Sərhəd Hüseynov Türkəkəran kəndinin ara yollarının asfaltlaşdırılması təklifini irəli sürdü.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bütün lənkəranlıların 31 iyul 2012-ci il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana tarixi səfərinin xoş təəssüratları altında yaşadıqlarını xüsusi vurğulayaraq qeyd etdi ki, Azərbaycan xalqı haqlı olaraq gələcək uğurlarının davamını cənab İlham Əliyevdə görürlər. Hər bir Azərbaycan vətəndaşı daha xoş, daha firavan gələcəyimizə inanır.
Lənkəranın Azərbaycanın ayrılmazı tərkib hissəsi olduğunu söyləyən İcra başçısı son aylarda rayonumuzun sosial-iqtisadi inkişafı üçün cənab Prezidentin imzaladığı sərəncamların xüsusi əhəmiyyət daşıdığını, bunun həmçinin yeni iş yerlərinin açılması, Lənkəranın sosial problemlərinin həlli istiqamətində mühüm addım olduğunu qeyd etdi.
Taleh Qaraşov bu günkü qəbul-görüşdə ayrı-ayrı vətəndaşlar tərəfindən irəli sürülən təkliflərin zaman-zaman həlllini tapacağını söylədi, bir sıra vətəndaşların problemlərinin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
 

Keçidlər