LƏNKƏRANDA MİLLİ QƏHRƏMAN ƏSGƏR ƏLİYEVİN XATİRƏSİ ANILDI
Noyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anadan olmasının ildönümü münasibətilə qəhrəmanın adını daşıyan parkda anım mərasimi keçirildi.
Mərasimə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, təhsil işçiləri, N saylı hərbi hissənin zabit və əsgər heyəti, məktəblilər və ictimaiyyətin nümayəndələri qatılmışdılar.
Əvvəlcə mərasim iştirakçıları Milli Qəhrəmanın büstünü ziyarət etdilər, önünə çiçək dəstələri düzdülər.
Mərasimi Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov açaraq Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışdı, Ə.Əliyevin 1995-ci ilin mart hadisələri zamanı dövlətimizin müstəqilliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətdən və qəhrəmancasına həlak olmasından bəhs etdi.
Sonra Lənkəran ŞİH başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarov çıxış edərək torpaqlarımızın müstəqilliyi uğrunda fədakarcasına vuruşub şəhid olmuş həmvətənlərimizin, o cümlədən Əsgər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu vurğuladı, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışdı.
Daha sonra Milli Qəhrəmanın məzunu olduğu Haftoni qəsəbə tam orta məktəbinin direktoru Sevər Ağayeva, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Ləj kənd məscidinin axundu, Milli Elmlər Akademiyasının doktorantı Samid Qəmbərov çıxış edərək Əsgər Əliyevlə bağlı ürək sözlərini söylədilər.
Tədbirdə iştirak edən məktəblilər qəhrəmanlıq mövzusunda şeirlər ifa etdilər.
Sonda qəhrəmanın atası Hacı Ələkbər Əliyev övladının Vətən uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirdi, Əsgər Əliyevin xatirəsinin daim əziz tutulduğu üçün minnətdarlıq duyğularını söylədi, oğluna həsr etdiyi şeiri oxudu.