ÜÇÜNCÜ BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUN İŞTİRAKÇILARI LƏNKƏRAN RAYONUNA SƏFƏR ETMİŞDİR
Noyabrın 2-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəran rayonuna gəlmişdir.
69 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə ABŞ-ın, Almaniyanın, Rusiyanın, Türkiyənin, Bolqarıstanın, Efiopiyanın, Bosniya və Hersoqoveniyanın, İtaliyanın, Meksikanın, Pakistanın, Mərakeşin, Ukraynanın, Yaponiyanın, Kanadanın, Vyetnamın, Polşanın, Avstriyanın, Belarusun, Gürcüstanın, Türkmənistanın və Qırğızıstanın tanınmış dövlət və elm xadimləri daxildir.
Lənkəran Beynəlxalq Hava Limanında qonaqları rayonun rəhbər işçiləri qarşılamışlar.
Beynəlxalq Forumun iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olmuşlar.
Nümayəndə heyəti Lənkəran şəhəri ilə tanışlıq zamanı Bayraq Meydanında olmuşdur.
Hirkan Milli Parkına ekskursiya edən qonaqlara cənub bölgəsinin flora və faunası, heyvanat aləmi barədə ətraflı məlumat verilmişdir.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçıları, həmçinin, Lənkəran rayonunun “İsti-su” qəsəbəsində “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyasında, Hirkan qəsəbəsində sitrus və subtropik meyvə bağlarında yetişdirilən məhsullarla tanış olmuşlar.
Qonaqlar “Palma Life” hotelinin restoranında Lənkəran toyuq ləvəngisinin bişirilmə prosesini böyük maraqla izləmişlər.
“Nənələr” folklor kollektivi Beynəlxalq Forumun iştirakçıları qarşısında konsert proqramı ilə çıxış etmişdir.