LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ
Oktyabrın 29-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi.
Müşavirədə Lənkəran ŞİH başçısının müavinləri, şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Müşavirəni giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov oktyabrın 9-da keçirilən prezident seçkilərindən sonra ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da əhalinin möhtərəm İlham Əliyevin seçkilərdə qazandığı parlaq qələbənin xoş təəssüratları altında yaşadığını xüsusi vurğuladı.
Prezident seçkilərinin yekunları barədə fikirlərini müşavirə iştirakçıları ilə bölüşən İcra başçısı Lənkəranda bu siyasi kampaniyanın yüksək səviyyədə, tam demokratik, şəffaf və obyektiv keçirildiyini söylədi. Bununla əlaqədar Prezident Administrasiyasının rəhbərliyi tərəfindən İcra başçısına və YAP-ın Lənkəran şəhər Təşkilatına təşəkkür məktubunun göndərildiyini deyən Taleh Qaraşov öz növbəsində rayonumuzda seçkilərin yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə YAP-ın Lənkəran şəhər Təşkilatının sədri İlqar Dadaşova, İcra başçısının müavinlərinə, şöbə müdirlərinə, İcra Aparatının kollektivinə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə, eyni zamanda, bütün idarə, müəssisə və təşkilat rəhbərlərinə, İcra nümayəndəliklərinə və bələdiyyələrə təşəkkürlərini bildirdi.
İcra başçısı Lənkəran rayonunda rəhbərliklə hüquq-mühafizə orqanları, həmçinin idarə, müəssisə, təşkilatlar arasında möhkəm birliyin və qarşılıqlı anlaşmanın hökm sürdüyünü diqqətə çatdırdı. Hamı bir məqsədə – Lənkəranın daha da inkişafına, tərəqqisinə və yenilənməsinə xidmət edir.
Taleh Qaraşov eyni zamanda bildirdi ki, hazırda Lənkəran şəhərinin Baş Planının hazırlanması istiqamətində mühüm işlər görülür. Bu məqsədlə yeni proqram və layihələrin hazırlanıb həyata keçirilməsi üçün təcrübəli mütəxəssislər cəlb olunmuşdur.
İcra başçısı həmçinin qeyd etdi ki, Lənkəranda 11 məktəbin tikintisinə başlamaq üçün Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmışdır. Yaxın günlərdə tenderin qalibləri tikintiyə başlayacaqlar.
Lənkəran ŞİH başçısının müvafiq Sərəncamına əsasən noyabrın 1-dən dekabrın 1-dək Lənkəran rayonunda “Yaşıllaşdırma aylığı”nın keçirilməsi nəzərdə tutulmuşdur. Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov “Yaşıllaşdırma aylığı”nda rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də İcra nümayəndəliklərinin və bələdiyyələrin qarşısında duran vəzifələri və iş bölgüsünü onların nəzərinə çatdırdı.
Müşavirədə İcra Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məlahət Nəsirova cari ilin 9 ayında Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olan ərizə və şikayətlər haqqında məlumat verdi.
Aparat müşavirəsini yekunlaşdıran Taleh Qaraşov bir daha qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, şəhərimizdə səliqə-sahman, abadlıq və yaşıllaşdırma işlərinə diqqətin daha da artırılmasını tövsiyə etdi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılmasının vacibliyini söylədi.