ŞURA İCLASINDA 9 AYIN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ
Oktyabrın 22-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda 2013-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 6-da Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.
Məruzə üçün söz ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimova verildi. Məruzəçi 2013-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.
İ.Rəhimov bildirdi ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərmiş və rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunmuşdur.
Bununla belə, hesabat dövrünün ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərimizə səfəri olmuşdur. Həmişə olduğu kimi, cənab Prezidentin bu dəfəki səfəri də yeni açılışlarla, xoş xatirəyə çevrilən görüçlərlə müşaiyyət olunmuşdur. Cənab Prezidentin xeyir-duası ilə ilk dəfə şəhər əhalisinin istifadəsinə dünya standartları səviyyəsinə uyğun içməli su verilmişdir. Yaraşıqlı xarici görünüşə və çox mühüm sosial-mədəni əhəmiyyətə malik Gənclər Mərkəzinin, on minlərlə insanın çoxillik arzusu olmuş Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun asfaltlanmadan sonra açılışı, ən müasir tələblər səviyyəsində yenidən qurulmuş Mərkəzi Rayon Xəstəxanası ilə tanışlıq bu səfərin ən yaddaqalan anları olmuş və bunların hər biri lənkəranlılara böyük sevinc bəxş etmişdir. Rayon sakinləri cənab Prezidentin davamlı diqqət və qayğısını sonsuz minnətdarlıq hissi ilə qarşılayırlar.
Rayonda istehsalın dinamik artım səviyyəsi cari ilin doqquz ayında da saxlanılmış, həm sosial, həm də iqtisadi sahədə yüksək nəticələr qazanılmışdır. Əldə olunmuş müsbət dəyişilikləri rayon üzrə statistik göstəricilər də təsdiq edir.
Ötən müddətdə rayonda 1903 yeni iş yeri açılmışdır, bunun da 1539-u daimi iş yerləri olmuşdur.
Məruzəçi nəqliyyat, telekommunikasiya və poçt sahələrində görülmüş işlər barədə məlumat vermiş, İKT-nin imkanlarından daha səmərəli istifadə məqsədilə Lənkəran Şəhər İcra hakimiyyətində operativ idarəetmə mərkəzinin yaradıldığını və 9 ərazi icra nümayəndəliyinin yeni yaradılmış şəbəkəyə qoşulduğunu diqqətə çatdırmışdır.
Cari ilin 9 ayı ərzində də rayonda genişmiqyaslı quruculuq-abadlıq işləri davam etdirilmişdir. Şəhərin Şəhidlər xiyabanı küçəsi tamamilə yenidən qurulmuş və dörd zolaqlı yol istifadəyə verilmişdir. Küçədəki körpü genişləndirilmiş, küçənin hər iki tərəfində yeni səkilər tikilmiş, müasir işıqlandırıcılar quraşdırılmışdır.
Həmin küçədə, Göyşaban dairəsindən Ləvəngi dairəsinədək, Heydər Əliyev prospektinədək olan yolda, Heydər Əliyev prospektinin özündə küçə hasarlarının inşası və üzlük plitələrlə üzlənməsi, səkilərə yeni bardürlərin düzülüşü və tametlərin döşənməsi, körpü məhəccərlərinin rənglənməsi, müasir küçə işıqlandırıcılarının quraşdırılması, divarların və bardürlərin yenidən rənglənməsi işləri başa çatdırılmışdır. Sütəmurdov kəndi ərazisində Olimpiya İdman Kompleksinə gedən yolda yeni səkilər tikilmiş, müasir işıqlandırıcılar quraşdırılmışdır. Lənkəran şəhərlərarası avtovağzalının yerləşdiyi ərazidə yeni yol dairəsi yaradılmış və dairədə ornamentli postament üzərində saat quraşdırılmışdır. Gərmətük yol dairəsində də mənzərəli guşə yaradılmışdır. “Bulaq” kompleksi yenidən əsaslı təmir olunmuşdur.
Rayonun giriş qapısı olan Qumbaşı kəndi ərazisində yol guşəsi zənginləşdirilmiş, orada rəmzi qala divarı hörülmüş, yaşıllıq zolağı salınmış, magistral yol üzərindəki körpünün məhəccərləri rənglənmiş və piyada keçidi üzərində bardür və tamet düzülmüşdür. Göyşaban dairəsindən Ürgə kəndinə qədər olan ərazidə yaşıl təpələrdən ibarət mənzərəli təbiət guşəsi yaradılmış, Göyşaban kəndi ərazisindəki Qala kompleksi yenidən qurulmuş, divarlarına ağ lay vurulmuş, qarşısında tamet üzlüklərlə əhatələnmiş yaşıl zolaqlar yaradılmışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına xatirə parkında yenidənqurma və təmir işləri aparılmış orada uşaqların istirahəti üçün uşaq əyləncə mərkəzi yaradılmış, ərazi müasir görkəm almışdır. Abidənin postamenti və ətarfı daha keyfiyyətli mərmərlə örtülmüşdür. Şəhərin mərkəzində yerləşən Əfqanıstan veteranları parkı əsaslı şəkildə yenidən qurulmuş, orada müasir işıqlandırıcılar quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.
Ümumilikdə şəhər ərazisində 316 ədəd yeni küçə işıqlandırıcıları quraşdırılmış, uşaqlar üçün oyun meydançaları yaradılmışdır.
Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün cənab Prezidentin göstərişi ilə Şəhidlər Xiyabanı ərazisində 24 mənzilli yaşayış binası və rayonun Günəhir, Osaküçə, Bəliton, Vilvan və Havzava kəndlərində vətəndaşlar üçün fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Sözügedən yaşayış binası uzun illər təhlükəli şəraitdə yaşamış bu ailələrə cənab Prezidentin qiymətli hədiyyəsi olmuşdur.
Əhaliyə əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsi şəhər İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.
Lənkəran Qaz İstismar Sahəsi 2013-cü 9 ayında əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirmişdir. İndiyədək 48 kəndə, cari ilin 9 ayında isə 33 kəndə qazın verilməsi təmin edilmişdir. Yaxın aylarda daha 8 kənd yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur. Bu da rayon üzrə 85 faiz qazlaşma deməkdir. Şəhər üzrə qazlaşma 98 faiz təşkil edir.
Ötən dövrdə Lənkəran Su-kanal idarəsi tərəfindən şəhərin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Lənkəran şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması işi “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na daxil edilmişdir. Dəyəri 210 milyon manat olan layihə rayonun sosial-iqtisadi inkişafına qoyulmuş bütün investisiyaların cəmindən dəfələrlə çoxdur.
42 saylı Yol İstismar İdarəsi tərəfindən ötən müddət ərzində Ələt-Astara, Lənkəran-Lerik magistral yolunda cari təmir işləri aparılmışdır. Rayonun Bəliton kənd yolunda 1 ədəd, Tükəvilə, Diryan, Gəgiran yolunda isə 2 ədəd yeni dəmir-beton konsturksiyalı körpü inşa edilmiş, 73 ədəd yeni yol nişanları quraşdırılmışdır.
Cari ilin 9 ayında rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün ardıcıl iş aparılmışdır. Dərs ilinin əvvəlində Vilvan kəndində 640 şagird yerlik yeni orta məktəb, şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik bina tikilib istifadəyə verilmişdir. Hazırda Bəliton kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Darquba kənd tam orta məktəbi üçün 220 şagird yerlik binanın tikintisi davam etdirilir. Şəhər 2 saylı orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir.
Mərkəzi Rayon Xəstəxanasının bütün müəssisələrində əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə kompleks işlər görülmüşdür. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən ayrılmış vəsait hesabına Mərkəzi Rayon Xəstəxanası əsaslı şəkildə təmir olunmuş və istifadəyə verilmişdir. Lənkəran şəhərində Rayonlararası Narkoloji xəstəxana üçün 18 çarpayılıq yeni bina tikilib istifadəyə verilmişdir.
Ötən dövr ərzində rayonun mədəni-maarif müəssisələrində də müəyyən işlər görülmüşdür. Mədəniyyət müəssisələri dövlətin mədəniyyət sahəsindəki siyasətinin həyata keçirməklə birsıra mədəni kütləvi tədbirlər həyata keçirmişlər.
“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” rayonumuzda da uğurla icra edilir. Gənclərin işləməsi, təhsil alması, asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə müxtəlif təşkilati tədbirlər görülür. Bu mənada Lənkəran şəhərində Heydər Əliyev xatirə parkında istifadəyə verilmiş, 3 mərtəbəli Gənclər Mərkəzinin böyük əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə əsl tövhə olmuş bu möhtəşəm mərkəz, lənkəranlı gənclərin ən sevimli məşğuliyyət yerinə çevrilmişdir.
Rayonda gənclərin həqiqi hərbi xidmətə çağrılması istiqamətində ardıcıl iş aparılır. 2013-cü ilin oktyabr çağrışında 230 nəfər həqiqi hərbi xidmətə yola salınmışdır. Gənclərin hərbi xidmətə yola salınması təntənəli şəkildə təşkil olunur.
2013-cü ilin 9 ayında rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin təmin olunması sahəsində ardıcıl işlər görülmüşdür.
Cari ilin 9 ayında şəhər İcra hakimiyyəti başçısı yanında Şuranın 18 iclası keçirilmişdir. İclaslarda rayonun sosial-iqtisadi inkişafı və mədəni həyatı ilə bağlı 27 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.
2013-cü ilin 9 ayında şəhər İcra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu təsdiq olunmuş qrafikə əsasən aparılmış və 4175 nəfər qəbul edilmişdir. Həmin dövrdə şəhər İcra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı yaşayış yerlərində 61 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə 96 min nəfər iştirak etmiş, 5300 vətəndaş dinlənilmiş və onlar tərəfindən 1503 təklif irəli sürülmüşdür.
2013-cü ildə rayonun qarşısında bir sıra həlli vacib məsələlər durur. Bu işlərin bir qismi regionların 2009-2013-cü illərə aid sosial-iqtisadi inkişafı Dövlət Proqramında öz əksini tapmışdır. Belə ki, şəhər, kənd və qəsəbələrin inkişafı ilə əlaqədar yeni infrastruktur layihələr həyata keçiriləcək, su-kanalizasiya sisteminin yenidən qurulması, elektrik təsərrüfatının yaxşılaşdırılması və qazlaşma işləri davam etdiriləcəkdir.
Eyni zamanda, bu il rayonda 110 yerlik uşaq bağçası və uyğunlaşdırılmış binalarda yerləşən 11 məktəb üçün yeni binaların tikintisi, 1 məktəbin əsaslı təmiri, 15 çoxmərtəbəli yaşayış binalarında bərkitmə-gücləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. İlin sonuna qədər rayonun daha 8 yaşayış məntəqəsinin qazlaşdırılması başa çatdırılacaqdır.
Cənab Prezidentin 13 sentyabr 2013-cü il tarixli 3140 saylı Sərəncamı ilə ayrılmış 2,6 milyon manat vəsait hesabına Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
Ölkə başçısının 13 sentyabr 2013-cü il tarixli 3141 saylı digər Sərəncamı ilə isə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun təmiri üçün 2,0 milyon manat vəsait ayrılmış və sərəncamın icrasına başlanılmışdır.
Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Hirkan-Mamusta-Siyavar yolunun 7 km-i, Hirkan-Xanbulan-Biləsər yolunun 10 km-i və Veravul-Qaraağaclı yolunun 4 km hissəsinin əsaslı təmiri nəzərdə tutulmuşdur. Bununla əlaqədar hazırlıq işlərinə başlanılmışdır.
Ümummilli Lider Heydər Əliyevin 90 illik yübileyi ilə bağlı ölkə başçısının imzaladığı 21 yanvar 2013-cü il tarixli sərəncama əsasən Lənkəranda da geniş tədbirlər planı hazırlanıb həyata keçirilmişdir.
Məruzəçi daha sonra bildirdi ki, xalqımız cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində sosial-iqtisadi və mədəni sahələrdə qazanılan nailiyyətlərlə bərabər ölkəmizin dünya birliyi ilə əməkdaşlıq sahəsində əldə etdiyi uğurlarla da fəxr edir. Məhz cənab Prezidentimizin beynəlxalq aləmdəki şəxsi nüfuzu hesabına ölkəmiz dünya birliyinin ən etibarlı tərəfdaşına çevrilmiş, şan-şöhrəti dünyaya yayılmışdır. Cənab Prezidentin uğurlu xarici siyasətinin məntiqi nəticəsidir ki, artıq müxtəlif ölkələrin şəhərləri ölkəmizin ayrı-ayrı şəhərləri ilə həvəslə qardaşlaşma əlaqələri qururlar. İndiyə qədər Lənkəran şəhəri Türkiyənin İsgəndərun, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərləri ilə qardaşlıq əlaqələri qurmuşdusa, bu ilin sentyabr ayında İtaliyanın Çerveteri şəhəri ilə qardaşlaşmışdır. Bütün bunlar göstərir ki, Vətənimiz Azərbaycanın dinamik inkişafı, milli tərəqqi sahəsində qazanılan parlaq nailiyyətlər dünya ictimaiyyətinin də diqqət mərkəzindədir və bu uğurlar yüksək dəyərləndirilir.
Bununla belə qeyd etməliyik ki, 2013-cü ilin ən mühüm hadisəsi növbəti prezident seçkiləri oldu. Ölkəmizin hər yerində olduğu kimi Lənkəran rayonunda da prezident seçkilərinə hazırlıqla bağlı geniş tədbirlər həyata keçirildi. Bütün seçki məntəqələri təmir olunub, lazımi avadanlıqlarla təchiz edildi. Rayonda seçkilərlə bağlı mütəmadi maarifləndirmə işləri, təbliğat-təşviqat kampaniyası aparıldı. Nəticədə dünya standartları səviyyəsində demokratik və şəffaf seçki keçirildi. Seçicilərin tam mütləq əksəriyyəti məntəqələrə gəlib sərbəst şəkildə səsvermədə iştirak edib bir mənalı olaraq cənab prezident İlham Əliyevə səs verməklə gələcək xoşbəxtliyini, firəvan həyatını Heydər Əliyev siyasi kursunun qələbəsində gördüyünü təsdiq etdi. Bütün bunlar bir daha sübut etdi ki, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi, dönməz siyasi sabitlik və milli həmrəylik hökm sürür. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu nailiyyətlər xalqımızla birlikdə lənkəranlıları da həddsiz sevindirir, onları Heydər Əliyev siyasi kursu ətrafında daha da sıx birləşdirib xoşbəxt gələcəyə ruhlandırır.
Məruzə ətrafında Lənkəran ŞİH başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev, Lənkəran Elektrik Şəbəkəsinin rəisi Samir Rəsulzadə, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev, Lənkəran Qaz İstismar Sahəsinin rəisi Ceyhun Axundov və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə oktyabrın 9-da keçirilən prezident seçkilərində möhtərəm İlham Əliyevin qazandığı parlaq qələbə münasibəti ilə bütün lənkəranlıları təbrik etdi. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da əhalinin prezident seçkilərinin xoş təəssüratları altında yaşadığını vurğulayan İcra başçısı bildirdi ki, Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasi kursunun davamına səs verdi. Son 10 il ərzində Azərbaycanın daxili və xarici siyasətində qazanılan uğurlardan danışan Taleh Qaraşov ölkəmizdə demokratik, hüquqi, güclü və qüdrətli dövlətin yaradıldığını diqqətə çatdırdı. Prezident seçkiləri bir daha Heydər Əliyev siyasi kursunun alternativsiz olduğunu və xalqın iradəsinin təntənəsini sübuta yetirdi. Ölkəmizdə seçkilər tam obyektiv, azad, demokratik və şəffaf şəraitdə keçirildi.
Lənkəranda da seçici fəallığının respublika səviyyəsindən yüksək olduğunu diqqətə çatdıran İcra başçısı rayonumuzda seçkiləri müşahidə edən ATƏT-in uzunmüddətli müşahidəçilər qrupunun Lənkəranda keçirilən seçkilərin tam obyektiv və şəffaf keçdiyini öz hesabatlarında açıqladıqlarını bildirdi.
Taleh Qaraşov prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası zamanı fəallıq göstərən bütün lənkəranlıları bir daha təbrik etdi, hamıya dərin təşəkkürlərini bildirdi.
İcra başçısı daha sonra bildirdi ki, 2013-cü ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır. Doqquz ay ərzində sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam etmiş, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə makro-iqtisadi vəziyyət sabit olmuş, ümumi daxili məhsul istehsalı artmışdır.
Taleh Qaraşov daha sonra ötən 9 ayda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışmış, qarşıda duran vəzifələri uğurla icra etməkdən ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.