ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
1993-cü ilin 23 avqustunda Azərbaycan dövləti böyük bir təhlükə ilə üzləşdi. Azərbaycanın müstəqilliyini istəməyən imperiyapərəst qüvvələr, onların yerli əlaltıları ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə cəhd etdilər. Separatçı qüvvələr Gəncə hadisələrini törətməklə, Talış-Muğan Respublikası yaratmaq kimi gülünc, sərsəri ideyalar ortaya atmaqla Azərbaycanı parçalamaq, məhv etmək məqsədini güdürdü. Belə bir ağır və son dərəcə təhlükəli vaxtda Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bütün bəlalardan, bölünmək təhlükəsindən xilas etdi. Xalqın sağlam qüvvələri siyasətçi Heydər Əliyevin ətrafında sıx birləşdi.
1993-cü il 23 avqust hadisələrinin 19-cu ildönümü münasibətilə Lənkəranda da anım mərasimi keçirilmişdir. Tədbirdə ictimaiyyətin nümayəndələri, ziyalılar, şəhid ailələri və s. iştirak etmişdir. Mərasim iştirakçıları Milli Qəhrəmanlar Etibar Əliyevin, Paşa Təhməzovun və Soltanağa Bayramovun büstləri önünə gül dəstələri qoymuşlar.
ŞİH aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Əlimərdan Əliyev tədbirdə çıxış edərək 1993-cü ilin avqustunda Azərbaycanın müstəqilliyinin təhlükələrdən qorunmasında lənkəranlıların da böyük rol oynadığını bildirmiş, vətəninin, torpağının hər qarışını ürəkdən sevən və bu amal uğrunda canını qurban verən Milli Qəhrəmanların xatirəsinin xalqın qəlbində daim yaşayaraq, əziz tutulduğunu qeyd etmişdir.
Daha sonra tədbir iştirakçıları Şəhidlər Xatirə kompleksinə gələrək, şəhidləri ziyarət etmiş, ruhlarına fatihələr oxumuşlar.