Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA QURBANLIQ HEYVANLARIN SATIŞ YARMARKASI

15 oktyabr 2013 | 15:00

Hər il respublikamızın bütün guşələrində olduğu kimi, Lənkəranda da  müqəddəs Qurban bayramı təntənəli şəkildə qeyd edilir.
Lənkəran Şəhər İcra Hakimiyyəti bayram münasibətilə oktyabrın 14 və 15-də  ənənəvi qurbanlıq heyvanların satış yarmarkasını təşkil etmişdir. Qurbanlıq heyvanların satışı və kəsilməsi üçün Bakı-Astara şosesinin 274-cü kilometrliyindəki yanacaqdoldurma məntəqəsinin ərazisində yer müəyyən edilmişdir. Qurbanlıq üçün nəzərdə tutulmuş mal-qara laboratoriyanın əməkdaşları tərəfindən tibbi müayinədən keçirilmişdir. Yarmarkada qoyulmuş nəzarət tərəzilərində çəkilmiş qurbanlıq ət əhaliyə diri çəkidə 4 manat, kəsilmiş halda isə 8 manat təklif olunur.
Yarmarkaya rayonda fəaliyyət göstərən 11 fermer təsərrüfatlarından və fiziki şəxslərdən 2 minə yaxın xırdabuynuzlu mal-qara çıxarılmışdır. Qiymətlər bazar qiymətindən 20-25 faiz aşağıdır. Yarmarkanın  mahiyyəti bayramqabağı süni qiymət artımının qarşısını almaqdan ibarətdir.
Həmişə olduğu kimi, bu il də Qurban bayramı ilə əlaqədar rayonumuzda məskunlaşan məcburi köçkün ailələri,  Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və imkansız ailələr şəhər İcra hakimiyyətinin diqqətindən kənarda qalmamışdır. Bayram günündə ümumilikdə bu təbəqədən olan 4 min nəfərə qurbanlıq payı veriləcəkdir.
Lənkəranda məskunlaşan məcburi köçkün Xanım Həsənova bayram təəssüratlarını bölüşərək dedi:
–Mən uzun illərdir ki, ailəmlə Lənkəranda məskunlaşmışam. Lənkəran Şəhər İcra Hakimiyyəti bütün bayramlarda olduğu kimi, Qurban bayramında da məcburi köçkün ailələrini daim diqqət mərkəzində saxlayır. Qurbanlıq heyvanların satış yarmarkasının təşkili də hamının ürəyincədir. Bizə göstərdiyi yüksək diqqət və qayğıya görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Taleh Qaraşova dərin minnətdarlığımı bildirirəm.
“20 Yanvar” Cəmiyyəti Lənkəran şəhər şöbəsinin sədri, şəhid qardaşı Yusif Abdullayev, Lənkəran şəhər sakini Nəsir Rzayev, Gərmətük qəsəbə sakini Hikmət Nağıyev və başqalarından aldığımız müsahibələrdə də satış yarmarkasının təşkili ilə əlaqədar Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlıq duyğuları xoş sözlərlə ifadə edildi.

Keçidlər