BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ LƏNKƏRANDA TƏNTƏNƏ İLƏ QEYD OLUNDU
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə əzəmətli “Şah” sarayında bayram şənliyi keçirildi.
Şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova bayram münasibətilə bütün müəllimləri təbrik etdi, son illərdə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, yeni məktəb binalarının tikintisindən, qazanılmış uğurlardan söhbət açdı.
Təhsil rəsmisi sonda Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən veteran müəllim Söhbət Ağayevin və şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi Xədicə Əzimovanın “Tərəqqi” medalına layiq görüldüklərini diqqətə çatdırdı, onları təhsil işçiləri adından təbrik etdi.
Sonra təbrik üçün söz Lənkəran təhsilinin himayədarı, şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşova verildi. Bütün Azərbaycan ictimaiyyətinin Beynəlxalq Müəllimlər Gününü bayram etdiyini vurğulayan İcra rəsmisi qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə həmişə yüksək qiymət vermiş, onların sosial qayğılarını daim diqqət mərkəzində saxlamışdır. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Respublikamızın bütün guşələrində məktəb tikintisinə, elm və təhsilə xüsusi önəm verilir, Heydər Əliyev Fondu tərəfindən respublikamızın ən ucqar dağ kəndlərində yeni, müasir tələblərə cavab verən məktəb binaları tikilir.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirdi, təhsilimizin keyfiyyətinin ilbəil yaxşılaşdığını söylədi, növbəti illərdə bu uğurların daha da artırılmasını tövsiyə etdi.
İcra başçısı sonra gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə təhsildə fərqlənən bir qrup təhsil işçisinə ŞİH-nin və ŞTŞ-nin fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.
Rayonumuzun incəsənət ustalarının ifasında səslənən şux, oynaq melodiyalar, 15 saylı uşaq bağçası fidanlarının və Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzinin rəqs qrupunun rəngarəng çıxışları tədbir iştirakçılarında xoş ovqat oyatdı.