İCRA BAŞÇISININ LİMAN ŞƏHƏRİNDƏ ƏHALİ İLƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ
Oktyarın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Liman şəhərində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə Liman şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Mehman Məmmədov açaraq ərazinin sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdi. M.Məmmədov qeyd etdi ki, Liman şəhəri, Şirinsu qəsəbəsi və Qumbaşı kəndlərini birləşdirən nümayədəlikdə ümumilikdə 13297 nəfər əhali yaşayır.
Görüş ayrı-ayrı iştirakçıların çıxışları ilə davam etdi. Liman şəhər Ağsaqqallar şurasının sədri Siyavuş Süleymanov, şair İltifat Saleh, təqaüdçü Şişəxan Muradov, müəllim Əfayət Əsədova, Liman şəhər bələdiyyəsinin sədri Zabil Dadaşov, Liman şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov və başqaları respublikamızda, o cümlədən rayonumuzda aparılan geniş tikinti-quruculuq işlərindən, həyata keçirilən sosial proqramlar nəticəsində əldə olunan dinamik inkişafdan danışdılar. Çıxışlarda qeyd olundu ki, Lənkəranın simasının hər ötən gün daha da gözəlləşməsi, əhalinin rifah halının daha da yaxşılaşması ölkə rəhbərliyinin regionlara, xüsusilə də Cənub bölgəsinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. İstifadəyə verilən yeni sosial obyektlər, inşa edilən yeni məktəb və səhiyyə müəssisələri hamıda böyük sevinc hissləri yaradır. Çıxış edənlər qarşıdan gələn 9 oktyabr prezident seçkilərində hamılıqla cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
Daha sonra çıxış edən ŞİH-nin başçısı Taleh Qaraşov iştirakçıların diqqətini 90-cı illərin əvvəllərinə çəkərək o vaxt ölkədə yaranmış böhranlı vəziyyətdən söhbət açdı. Belə bir vaxtda dövlətimizin idarəçilik sükanı arxasına keçən xalqın böyük oğlu Heydər Əliyevin respublikamızda əmin-amanlığın təmin olunmasında, ölkəmizə qarşı düşmənçilik bəsləyənlərin məkrli niyyətlərinin qarşısının alınmasında göstərdiyi müstəsna xidmətlərdən danışdı. İcra başçısı bildirdi ki, bu gün Azərbaycanın idarəçiliyi əmin əllərdədir. Çünki ölkəmizə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Qətiyyətlə demək olar ki, cənab Prezidentin Dahi Öndərin siyasi ideyasına sədaqəti, həyata keçirdiyi uzaqgörən, uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik daha da möhkəmlənəcək, vətəndaşların rifah halı daha da yaxşılaşacaqdır.
Görüşü yekunlaşdıran İcra başçısı bu gün əldə olunan uğurların qorunması üçün hamını cənab Prezidentin ətrafında sıx birləşməyə və Azərbaycanımızı fədakarcasına müdafiə etməyə çağırdı.