XANBULAN KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞ
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul – görüşünü oktyabrın 3-də Xanbulan kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Faiq Köçəriyev əraziyə daxil olan Xanbulan, Bürcəli, Daşdatük, Aşağı Apu, Rəzvan və Sərinbulaq kəndlərində 1500 təsərrüfatda 5107 nəfər əhalinin yaşadığı haqqında məlumat verdi, ərazidə aparılan abadlıq və quruculuq işləri barədə danışdı, mövcud çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı.
Sonra ayrı-ayrı kənd sakinlərindən Əliağa Məmmədov, Solmaz Nağıyeva, Məmmədəli Suvarov, Məryəm Quliyeva, Sima Salayeva və başqaları çıxış edərək respublikamızda, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə yüksək qiymət verdilər, bir sıra təkliflər irəli sürdülər, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini söylədilər.
ŞİH-nin başçısı Taleh Qaraşov bütün çıxış edən vətəndaşları diqqətlə dinlədikdən sonra yekun nitqində bugünkü görüş zamanı qaldırılan məsələlərin və təkliflərin qısa zaman kəsiyində həll ediləcəyini əminliklə vurğuladı və əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
İcra başçısı Daşdatük kənd yolunun asfaltlaşdırılması məsələsinin həll olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı, yolun Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə asfaltlaşdırılacağını və tenderin qalibinin bu layihəni qısa zaman kəsiyində həyata keçirəcəyini əminliklə bildirdi.
Taleh Qaraşov daha sonra əlavə etdi ki, dövlətimiz gündən-günə möhkəmlənir, qüdrətli bir ölkəyə çevrilir. Hazırda ən ucqar dağ kəndlərinə yollar çəkilir, sosial layihələr sürətlə icra edilir. Son 10 ildə respublikada ümumi daxili məhsul istehsalı 3 dəfə artıb. Azərbaycan vətəndaşlarının maddi rifah halının daha da yaxşılaşdırılması cənab Prezidentin siyasətinin əsasını təşkil edir. Möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi daha firavan və xoşbəxt gələcəyə aparır.